“Rus bölməsi ləğv edilmir, mərhələli azaldıla bilər” - Ramin Nurəliyev

14 Yanvar 2026 23:10 (UTC+04:00)

"Hesab edirəm ki, rus bölməsinin Azərbaycanda tədrisi birdən-birə dayanmaz. Çünki rus bölməsində təhsil alan gənclər də Azərbaycan vətəndaşlarıdır və Azərbaycan dövləti onların çıxılmaz vəziyyətdə qalmasına imkan verməz. Yəni, birdən-birə rus bölməsi məktəblərinin bağlanması və ya ali təhsil müəssisələrində rus bölməsi ixtisaslarının dayandırılması yaxın gələcəkdə mümkün görünmür. Amma bu proses mərhələli şəkildə həyata keçirilə bilər. Azərbaycan dili ölkədə geniş yayılmalı və tədrisi hər sahədə təmin edilməlidir. Azərbaycan vətəndaşı bütün dillərdən üstün şəkildə Azərbaycan dilini bilməlidir. Son illərdə Cənab Prezidentin çıxışlarında Azərbaycan dilinə göstərilən diqqət və qayğı bunun bariz nümunəsidir. Dövlət başçısı bütün dövlət qurumlarını, eləcə də təhsil və digər sahələri Azərbaycan dilinin üstünlüyünü təmin etməyə çağırıb. Əgər dövlət başçısının Azərbaycan dilinə diqqəti yüksəkdirsə, vətəndaşlar da bu istiqamətdə müvafiq addımlar atmalıdır. Məsələn, cəmiyyətin bir hissəsi küçədə və ya yolda hər hansı bir bölmədə, rus, ingilis və ya başqa dil bölməsində oxusa da, ünsiyyətini Azərbaycan dilində qurmalıdır. Başqa dillərdə danışıldığı halda Azərbaycan dili unudula və yadırğana bilər”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Xatırladaq ki, Azərbaycanda rus sektorunun gələcəyi uzun illərdir təhsil gündəmində müzakirə mövzusudur. Vaxtaşırı bu sektorun mərhələli şəkildə ləğv olunması, rusdilli məktəb və liseylərin fəaliyyətinin yenidən qiymətləndirilməsi ilə bağlı müxtəlif fikir və təkliflər səslənir. Son dövrlərdə, xüsusilə ötən ilin sonunda, bu məsələ yenidən ictimai diqqət mərkəzinə çıxaraq geniş müzakirələrə səbəb olub. Bu isə göstərir ki, illərdir mövcud olan rus sektoru modeli artıq əvvəlki kimi dəyişməz və toxunulmaz deyil.

Ekspert qeyd edib ki, belə vəziyyət gənclərin Azərbaycan dilinin qrammatikası və leksikologiyasında çətinliklər yaşamasına, hətta müəyyən orfoepik qaydalara riayət edə bilməməsinə səbəb ola bilər.

"Bu isə Azərbaycan dilinin sıxışdırılmasına gətirib çıxara bilər. Ona görə də Azərbaycanda fəaliyyət göstərən digər dillərdə tədris aparılan təhsil müəssisələrinin sayı məhdudlaşdırıla bilər. Yəni müəyyən qaydada və mərhələli şəkildə saxlanması daha məqsədəuyğundur. Amma əsas üstünlük Azərbaycan dilinə verilməlidir. Ali təhsil müəssisələrində də Azərbaycan dili ixtisaslarının sayı daha çox olmalı, ingilis və rus dili ixtisasları isə uyğun səviyyədə mövcud olmalıdır. Azərbaycan dili imtahanından 50%-dən aşağı nəticə göstərən gənclər ali təhsil müəssisələrinə müraciət edə bilməz və qəbul imkanları məhdudlaşdırılır. Bu gənclərin bilməsi vacibdir ki, hansı bölməni seçmələrindən asılı olmayaraq Azərbaycan dilini yüksək səviyyədə bilməlidirlər. Minimum 50%-dən artıq nəticə əldə etmək tələb olunur. Buna görə də rus və ingilis bölməsi, həmçinin digər xarici dil bölmələrində təhsil alan gənclər Azərbaycan dilinə xüsusi diqqət yetirməli, qrammatikasını öyrənməli və unutmamalıdırlar. Hesab edirəm ki, yaxın gələcəkdə rus bölməsinin tədrisinin birdən-birə dayandırılması mümkün deyil, amma mərhələli şəkildə sayı azaldıla bilər. Bu, Azərbaycan dilinin sıxışdırılmaması və üstünlük verilməsi məqsədilə edilə bilər. Məqsəd başqa olmamalıdır. Rus bölməsinin məhdudlaşdırılması yalnız Azərbaycan dilinə üstünlük vermək üçün nəzərdə tutulmalıdır. Bu prinsip yalnız rus bölməsinə aid deyil. Digər xarici dillərdə tədris aparılan məktəblərdə də Azərbaycan dili üstünlük təşkil etməlidir. Azərbaycan dövlətində fəaliyyət göstərən hər kəs Azərbaycan dilini bilməli və gündəlik ünsiyyətdə istifadə etməlidir. Azərbaycan dilində təhsil aparan məktəblər digər dillərə nisbətən daha yüksək qiymətləndirilməlidir. Bu yalnız məktəb tədrisi ilə məhdudlaşmır; küçədə, bazarda və digər ictimai yerlərdə Azərbaycan vətəndaşlarının digər dillərdə danışmağa üstünlük verməsi arzuolunan deyil. Azərbaycan dilində danışmaq, qramatikasını və leksikologiyasını inkişaf etdirmək dilin davamlı istifadəsindən keçir. Bu istiqamətdə müvafiq qurumlar yarışmalar, müsabiqələr təşkil etməli və dilin inkişafını təşviq etməlidir. Məqsəd Azərbaycan dilini qorumaq və ölkədə əsas dil kimi möhkəmləndirməkdir".

Rəfiqə Namazəliyeva,

AzNews.az