Azərbaycanlılar Türkiyədə aksiya keçirdi

14 Sentyabr 2013 17:15 (UTC+04:00)
Beynəlxalq Diaspor Mərkəzinin (BDM) Türkiyənin Van şəhərinə səfəri başa çatıb.

Məlum olduğu kimi Van şəhərindəki Akdamar kilsəsində Ermənistandan gələn bir qrup ayin keçirib. Ermənilərin bu ayin aksiyasına etiraz etmək məqsədilə BDM Türkiyədə fəaliyyət göstərən Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİM-DER) ilə birgə Akdamar kilsəsinin yaxınlığında etiraz aksiyası keçirib.

Aksiyada ASİM-DER Van təmsilçisi İrfan Ərmiş açılış nitqi ilə çıxış edib. Daha sonra ASİM-DER başqanı Göksəl Gülbəy, BDM-in sədr müavini, DAK-ın İcra Aparatanın rəhbəri Samir Adıgözəlli və BDM-in Rusiya təmsilçisi Ələmdar Nəbiyev çıxış edərək keçiriləcək ayinə öz etirazlarını bildiriblər.

Çıxışlardan sonra ermənilər tərəfindən 1915-ci ildə Vanda qətlə yetirilmiş müsəlmanlar və 1992-ci ildə Xocalıda törədilən soyqırımda həlak olmuş şəhidlər üçün qiyabi cənazə namazı qılınıb. Daha sonra ermənilərin təcavüzündən yaxa qurtarmaq üçün Van gölünə atılaraq həlak olmuş 50 müsəlman qadını üçün suya qərənfillər atılıb. Eyni zamanda türk millətinə qarşı həyata keçirilmiş qətliamlara rəhbərlik edən Andranikin şəkilləri yandırılıb.

Van səfəri ilə bağlı BDM mətbuat xidmətinə məlumat verən BDM-in sədr müavini Samir Adıgözəlli Trend-ə bildirib:

"98 ildən sonra ilk dəfə olaraq ermənilər Van gölündə yerləşən Akdamar adasındakı Akdamar kilsəsində ayin həyata keçirdilər. Böyük Ermənistan ideyası ilə yola çıxan ermənilər Türkiyənin bu bölgəsi ilə bağlı (Van, Ağrı, Ardahan, Muş, Qars, İğdır) əsl çirkin niyyətlərini həyata keçirməyə başlayıblar. Nümayəndə heyəti olaraq Akdamar kilsəsində ermənilərin ayin keçirdiyi kimi bizim də oranı ziyarət etmək haqqımızın olduğunu etirazımızla birdirdik. Çünki Akdamar kilsəsi tarixən xristian Peçənək türklərinə aiddir. Ermənilərin buraya erməni kilsəsi olaraq iddiaları qəbuledilməzdir və eyni zamanda tarixi abidənin üzərinə həkk olunmuş rəsmlər də bunu sübut edir. Bu bölgədə islamiyyət olmamışdan öncə ermənilərin varlığını sübut edən heç bir dəlil yoxdur. Təəssüflər olsun ki, Türkiyənin bu bölgəsində missionerlik fəaliyyəti göstərən qardaş ölkədə hüzuru pozmağa yönələn fəaliyyətlərinə etiraz etmək məqsədilə gedən nümayəndə heyəti dəfələrlə polis nəzarətindən keçirildi. Nəhayətdə isə qarşıdurma yarana biləcəyi səbəbi ilə Akdamar adasına buraxılmadıq. Adaya yaxın bir ərazidə bayraq və şüarlarımızla etiraz etdik. Lakin ermənilər əl-qolunu sallayaraq adaya keçib öz ayinlərinə başladılar.

Həm də onların bu ayini ABŞ-ın Adanadakı Baş konsulunun iştirakı ilə keçirildi." Samir Adıgözəlli onu da qeyd etdi ki, "ilk dəfə 98 il sonra ABŞ -ın dəstəyi ilə keçirilən erməni ayini əslində region üçün növbəti təhlükəli bir məqamdan xəbər verir. Bütün bunlara baxmayaraq BDM, ASİM-DER, Hollandiya-Azərbaycan-Türk Dərnəyi, eyni zamanda Türkiyənin bir sıra QHT-lərinin iştirak etdiyi aksiyada planda tutduğumuz məqsədə nail ola bildik."

AzNews.az