1917-ci ildə Çar Rusiyasında məşhur "Fevral inqilabı" baş verdi, Romanovlar iqtidardan devrildi. Bakıda keçirilən Qafqaz müsəlmanları qurultayında və Moskvada keçirilən Ümumrusiya Müsəlmanları Qurultayında milli muxtariyyət ideyası Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Nəsibbəy Yusifbəyli və dövrün digər mütərəqqi siyasi xadimləri tərəfindən əsas qərara çevrildi. Nəsib bəy Yusifbəyli Cümhuriyyət qurularkən möhtəşəm bir təşəbbüs irəli sürərək şərqin ilk respublikasının "Azərbaycan" adlanmasına nail oldu.
"Azərbaycan ideyası"na iki əsas arqumentlə opponentlik edilirdi. Bir qism milli müstəqillik ideyasına islam, digər qism isə türk dünyasının parçalanması kimi baxırdı. Ancaq zaman göstərdi ki, ən doğru seçim elə milli müstəqillik, elə Azərbaycanın istiqlalı imiş.
Güney Azərbaycanda da 20-ci əsr boyu hərəkat gedib. 1979-cu ildə İrandakı islam inqilabının köklərindən biri də məhz Güney Azərbaycan hərəkatı, Pəhləvi rejiminin Güney Azərbaycandakı soydaşlarımızı assimilyasiyaya uğratmaq siyasətinə qarşı dirəniş idi. Zira, fars şovinizmi islam inqilabının da əsas daxili məfkurəsinə çevrildiyindən Güney Azərbaycan türkləri nə Xomeyni, nə də özlərindən biri olan Xəmneyi dövründə milli haqlar əldə edə bildilər. Odur ki, Güney hərəkatı Azərbaycan hazırda islam inqilabına bağlı olmadığı kimi, Pəhləvi monarxiyasının bərpasını da qətiyyən qəbul etmir.
Güney Azərbaycan hərəkatı anti-monarxik, anti-despotik məzmuna malikdir. Hərəkatın kökündə dayanan məşrutəçilik, yəni konstitusiyaçılıq Güney Azərbaycan davasına ciddi məzmun verib. Lakin məşrutəçilik Qacar dövründə də, Pəhləvi zamanında da, İslam Respublikası çağında da öz siyasi məqsədlərinə nail ola bilməyib, hər dəfə məğlub olub.
İran "Fevral inqilabı" yaşayacaq. İnqilab yanvarda da ola bilər, martda da, başqa bir vaxtda da. Lakin mütləq olacaq. Bu, dialektik zərurətdir.
Tarixi təcrübə, şərait və milli düşüncə sistemi diktə edir ki, Güney Azərbaycan hərəkatı bu dəfə 1917-ci ildə Quzey Azərbaycandakı qardaşlarından tarixi ibrət götürsünlər. Nə İranın hayına qalsınlar, nə Turanın. "Azərbaycan" anlayışı ilə hərəkət etsinlər, "Azərbaycan" davası aparsınlar, "Azərbaycan" kimliyini milli istiqlala qovuşdursunlar.
Millətləşmə prosesini Güney Azərbaycandakı soydaşlarımızdan fərqli olaraq daha uğurla keçmiş farsların əlindən İranda tam olaraq hakimiyyət almaq mümkün deyil. Eynilə "Azərbaycan" mərkəzli anlayışla hərəkət etmədən Cənubi Azərbaycandan kənar bölgələrdəki türk mənşəli tayfa konfederasiyalarına xonçada milli azadlıq aparmaq da qeyri-realdır. Oxşar prosesdir. Biz 1918-ci ildə milli dövlət qurduq, lakin Rusiya daxilindəki bir çox türk və müsəlman toplumları yox.
Bəli, Azərbaycan və Azərbaycançılıq Güneydəki soydaşlarımızın milli istiqlala qovuşması üçün əsas anlayışdır.
Əvvəla, dövlətləşmə prosesi üçün coğafi identifikasiya son dərəcə önəmlidir. Sosial-iqtisadi, siyasi, mədəni və digər kriteriyalar üzrə İranda "Azərbaycan" adlı unikal bir məkan var. Bu məkanda yaşayan toplumun böyük çoxluğu eyni millətə məxsusdur. Güney Azərbaycan İran müstəmləkəçiliyindən azad yaşamaq üçün geniş iqtisadi imkanlara malikdir.
İkincisi, bu toplum böyük dövlətçilik ənənəsinə malikdir, öz milli müqəddəratı üçün dəfələrlə üsyan edib. Təbriz tarix üçün önəmli paytaxtlardan biri olub.
Üçüncüsü, toplum eyni dildə danışır, fars assimilyasiyasından özünü xeyli qoruyub, dini birliyə, mədəni hegomoniyaya malikdir.
Dördüncüsü, İranın süqutu həm də və bəlkə də daha çox geopolitik məsələdir. Güney Azərbaycanın azadlığına veto qoya biləcək heç bir geopolitik güc yoxdur. Rusiya bu məsələdən xeyli narahat ola bilər, amma onun arabası ilə dünyada kimsə dovşan tutmur artıq.
Beşincisi və ən əsası: Quzey Azərbaycan reallığı var. Bizim təcrübəmiz, dövlət təşkilatımız, ideoloji sistemimiz, uğur hekayələrimiz və diplomatiyamız Güneyli soydaşlarımızın arxasında dağ kimi dayanacaq, onlara hazır modellər təqdim edəcək.
Uzun sözün qısası, bizim istək və arzularımızdan asılı olmayaraq Təbriz, bir dəfə də dediyim kimi, öz bətnində yeni dünya düzəni daşıyır.
Bu gün bizim Güney Azərbaycanla bağlı müzakirələr aparmamız labüddür. Bütün dünyanın gördüyü və hazırlaşdığı prosesə biganə qalmağa heç bir haqqımız yoxdur.
Zira, hər birimiz diqqətli və fərqində olmalıyıq.
Kimlər ki, İranın aqibətinə AZƏRBAYCAN prizmasından baxmır, baxa bilmir və ya baxmasına xarici qadağalar var, o adamlar çox böyük bir tarixi fürsətin əlimizdən qaçması üçün çalışırlar.
Taleh ŞAHSUVARLI