Xanəndə Ağakərim Nafiz: Alim Qasımova muğam oxuyanda düzgün oturmağı qəsdən öyrətmədim - MÜSAHİBƏ

15 Yanvar 2026 14:32 (UTC+04:00)

Xanəndə, qəzəlxan Ağakərim Nafizin APA-ya müsahibəsi

Kiçik evinə bizi böyük ürəklə dəvət elədi Ağakərim Nafiz. İçəri keçib müsahibə üçün hazırlıq görməyə başlayanda fotoqrafımız Rüfət ustaddan əyləşdiyi yeri dəyişməyini istədi. Bildirdi ki, ora foto üçün əlverişsizdir. Ağanın cavabı isə əsl qonaqpərvər cavab idi.

- Əşşi, fotodur nədir, onu qoy kənara, gəl, hələ bir stəkan çay iç, görək.

Tez araya girib: “Ağa, narahat olmayın, yeri təyin eləsin içəcək”, - dedim. Nəsə fikirləşib susdu.

Baş prokuror İsmət Qayıbovun məclislərində iştirak edirdim

- İllərdir xanəndələrə müəllimlik edirsiniz, amma tələbəniz yoxdur. Yoxsa var, biz bilmirik?

- Tələbəm çox deyil, ona görə ki, gərək mənim məktəbim olsun, məktəbdə dərs keçim, dərs keçməyə yerim olsun. Mən özüm kirayədə qalıram. Əvvəllər də heç yerdə dərs keçməmişəm, amma yanıma gəliblər. Alim Qasımov institutu bitirəndən sonra tələbə kimi yanıma gəlib. Mən də həbsdən təzə çıxmışdım. Tələbələrim arasında məndən yaşca böyükləri də olub. Çünki mən sənətə lap uşaqlıqdan başlamışam. 14-15 yaşımda muğam dəstgahları oxuyardım. Öyrənmək istəyənlər yenə də var. Amma indi öyrənmək istəyənlər daha çox məktəbdə təhsil almağa üstünlük verirlər ki, axırda diplom alsınlar.

O vaxt həbsxanadan gələndə mənə iş vermirdilər. Polis də tələsdirirdi ki, tez iş tap, yoxsa həbsxanaya göndərərik. Mən fəhlə işləməyə məcbur idim. Getdim raykom katibinin yanına, dedim ki, mənə iş lazımdı. Dedi, haranı bitirmisən? Dedim, xanəndəyəm, heç yeri bitirməmişəm, böyük ustadlardan dərs almışam. Mənə dedi ki, bizdə “samauçka”lara, yəni öz-özünə öyrənənə yer yoxdur. Mən də dedim ki, məni “samauçka” hesab eləmə, ali təhsil alanlar məndən öyrənməyə gəlir. Mən belə deyəndə bir qədər əhval dəyişdi. O gördü ki, mən kimlərlə oturub-dururam. Onun girə bilmədiyi məclislərə girirəm. O vaxt mən baş prokuror İsmət Qayıbov olan məclislərdə iştirak edirdim. Sonralar bir çox şey mənim dikbaşlığımdan baş verdi. Özümdən böyükləri saymırdım, özümdən balacalarla isə həmişə səmimi olmuşam . Məsələn, bir dəfə məclisdə idik, ədliyyə nazirinin ad günü idi. Bütün nazirlər orada idi. Mədəniyyət naziri də Polad Bülbüloğlu idi. Mən də İslam Rzayev, Qədir Rüstəmovla oturmuşam. Birdən Qədir dedi ki, gedək nazirimizlə görüşək. Bunlar durub getdilər, mən isə durmadım. Sonra məndən soruşdular ki, niyə sən gedib görüşmədin? Mən isə bildirdim ki, o gəlib bizimlə görüşməli idi.

İkinci il isə sürgün kimi Volqoqrada göndərdilər

- Həbsxanaya niyə düşmüşdünüz?

- Mən 1984-cü ildə həbsxanada olmuşam. O vaxt rayispolkoma (Rayon İcraiyyə Komitəsinin sədri - red.) kabinetində şillə vurmuşdum. Əslində, çox iş veriləcəkdi, amma bir adam vardı, onun köməkliyi ilə 2 il həbsdə yatıb çıxdım. Bir il Salyanda yatdım. İkinci il isə sürgün kimi Volqoqrada göndərdilər. Həbsdən qayıdandan sonra çox çətinlik oldu. İş tapmaq da əsas çətinliklərimdən biri idi. Şamaxıda Müəllimlər Evi var idi. Ora müraciət etdim. Mənə dedilər, qarovulçu işidir, sizə layiq deyil. Amma mən razılaşdım. Bir ay işlədim orada. Sonra yavaş-yavaş vəziyyət düzəldi. 27-28 yaşım olanda nazirlikdə məni tanıyırdılar, sonrakı dövrlərdə tanıyan olmadı. 1989-cu ilin may ayı idi. Şamaxı Mədəniyyət Evindən zəng edib çağırmışdılar ki, Qarabağda keçiriləcək “Xarıbülbül” müsabiqəsində iştirak edim. Mən getmək istəmirdim, sonra nazirlikdən xüsusilə zəng etdilər. Bundan sonra getdim və orada qalib oldum. Yekun konsert Ağdam stadionunda keçirilmişdi. Münsiflər heyətində də hamısı ziyalı, istedadlı adamlar idi. Rejissor da məni tanımır və soruşdu ki, nə oxuyacaqsan? Dedim ki, “Sarı gəlin” təsnifi oxuyacam. Nə qədər sürəcəyini soruşdu, dedim ki, 9-10 dəqiqə. O isə bildirdi ki, o qədər vaxt verə bilməz, 60-70 nəfər oxuyan var, hərəsinə 10 dəqiqə versək 4-5 saat çəkər, cəmi 3 dəqiqə verə bilər. 5 dəqiqə oxudum, çox yaxşı qarşılandı. Bu da mənə dedi ki, bilməzdim belə olacaq, sənə 15 dəqiqə vaxt verərdim. Polad mənə yaxınlaşıb dedi: “Sənə Xalq artisti adı verəcəyik, xaricə də göndərəcəyik”. Orada da bir neçə Xalq artisti var idi. Nəsə, ondan sonra məni nə çağırdılar, nə də ad verdilər. Versəydilər də alan deyildim, mənə əsas xaricə getmək lazım idi.

Məni burada başa düşən az adam var

- Fransada konsertiniz olub. Fransaya necə gedib çıxa bildiniz?

- Fransada çox olmuşam. Alim mənim yanıma gəlib-gedən vaxtlar idi. Bir dəfə onlara gedib gördüm ki, qonağı var. Qonaqların ikisi fransız, biri isə azərbaycanlı idi. Mən heç birini tanımırdım, Alimin sorağına gəlmişdilər. Həmin vaxtlarda da Alimin təzə-təzə parladığı illər idi. Alim oxudu. Sonra bildilər ki, mən də oxuyanam. Məni də dinlədilər. Həmin adam Əli adlı İrandan olan azərbaycanlı idi. O, mənim haqqımda danışdı və dedi ki, bu adam Şəcərian (iranlı muğam ifaçısı Məhəmməd Rza Şəcərian - red.) kimidir. Öz aralarında fransızca danışdılar, sonra Əli tərcümə də etdi. Sonda da bir misal çəkdi ki, İbn Haldun adlı filosof olub. O deyib ki, oxumaq, sənət onda gözəl olur ki, xalq musiqisi ilə saray musiqisinin vəhdətini yarada biləsən. Bunda onun əlamətlərini görmək olur.

Bundan sonra artıq Alim xaricə gedib gəlirdi. Alimgilə gələn fransızlardan biri Mark Lüpit bura gələndə Malikin (Tarzən Malik Mansurov – red.) qonağı olur və ona deyir ki, belə bir oxuyan lazımdı, səsində, ifasında qədimlik olsun. Həmin vaxtdan öncə mənim haqqımda “Naməlum səs” adlı film hazırlanmışdı. Malik həmin kaseti qoyur, bunlar izləyirlər və Mark məni tanıyır, Alimin evində gördüyünü xatırlayır. Yavaş-yavaş bunlar mənimlə əlaqə saxladılar. Haqqımda səfirə də məlumat vermişdi. Mark burada ev tutmuşdu. Ailəsi ilə gəlib yerləşmişdi. Müsəlmanlığı da qəbul edib adını Əbdülrəhman olaraq dəyişmişdi. Bu məni evinə dəvət etdi, getdim, səfir də orada idi. Biz yerdə, səfir isə kresloda oturmuşdu. Birlikdə yedik-içdik və mən ifa elədim.

Onu da deyim ki, ifa edərkən oturmağın da öz qaydası var. Məsələn, Alim düzgün oturmur, çünki bunu ona öyrətməmişəm. Qəsdən öyrətmədim, ona görə ki, o artıq elə şeyləri başqalarından öyrənməyə başlamışdı. O düz oturmur yerdə. Qafqaz xanəndəsi elə oturmaz. O, iranlıların oturma formasıdır. O, oturaq xalqlara aiddir, biz isə tərəkəməyik. Biz diz üstündə oturmalıyıq. Mən oxumağa başlayanda səfir kreslodan düşüb bizim kimi yerdə oturdu. Mən onlar üçün bir neçə əsər ifa etdim. Çıxanda da mənə dedilər ki, xarici pasportun var? Dedim, var idi, vaxtı yenilənməlidir. Xülasə, pasport iki-üç günə hazır oldu və mənim bununla da xaricə səfərlərim başladı. Amerikaya qədər gedib çıxmışam, amma həmişə qabağımı kəsiblər. Məni burada başa düşən az adam var. Çünki işlətdiyim sözlər bir qədər qəlizdir. Amma İranda məni lap belə hambal da başa düşür.

Həyatımı yaxşı qura bilmədim, ayağımdan çəkən çox oldu

- Türkmənistanda da olmusunuz...

- Hə, olmuşam.

- Ağakərim Nafiz dolubdur yaşa

Yurduna, elinə qıldım tamaşa.

Türkmən balası, səni min yaşa,

Gəldim Aşqabada bir görüm səni.

Bu şeiri də türkmən qızına yazmısınız?

- Cavan vaxtlarım idi. Bir türkmən qızı ilə qarşılaşdım. Mən Türkmənistanda yaşamamışam, amma çox gedib-gəlmişəm. Müəyyən müddət isə Düşənbədə yaşamışam. Sonradan tamamilə köçüb getmək istədim, amma rəhmətlik atam-anam qoymadı. Əslində, mən heç ata sözünə qulaq asan olmamışam. Amma o məsələdə qulaq asdım və səhv etdim. Burada həyatımı yaxşı qura bilmədim, ayağımdan çəkən çox oldu.

- Bayaq Alim Qasımovun adını çəkdiniz. Son vaxtlar Alim Qasımov rep ifa etməyi ilə gündəmə gəlib, buna münasibətiniz necədir?

- Mən çoxdandır onu tənbeh etmirəm. Cavan vaxtı tövsiyələrimi dinləyirdi. Sonra Xalq artisti oldu, məşhurlaşdı, ona görə də heç nə demirəm.

- Əvvəllər xanəndələr bir-birinin təəssübünü çəkirdi?

- Keçmişin kişiləri ilə indiki kişilər bir deyil. Keçmişdə kişilik əlaməti var idi. O vaxt bizdə bir aşıq olub - aşıq Daşdəmir. “Şirvan şikəstəsi”ni Daşdəmir icad edib. Onun əsl adı “Daşdəmir şikəstəsi”dir. Aşıq Daşdəmirin qoca vaxtları imiş, 70-dən də çox yaşı varmış, Ərçimana toya gedibmiş. Hava da çox soyuq olub. Toydan sonra bu otaqda buxarının yanında döşəkcəyə dirsəklənib çubuq çəkirmiş. Seyfi adlı bir kişi buna gileylənib ki, bəs o günlərdə bir aşıq gətirmişdik, köpək oğlu oxuya bilmirdi. Daşdəmir də ocaqdan bir kösöv götürüb deyib ki, “Köpək oğlu sənsən, oxuya bilmirsə, daha gətirməzsiniz. Kürün kənarında bir kolun başına papaq qoysalar ki, bu aşıqdır, mən yenə onun təəssübünü çəkərəm”. Bax belə... İndi elə şeylər yoxdur. Bu, onun dalınca danışır, o bunun.

Vaqifə qədər Qarabağda şair olmayıb

- Sizdən eşitmişəm, demisiniz ki, Şirvan məktəbi Qarabağ məktəbindən əvvəl yaranıb.

- Bəli, Şirvan məktəbi Qarabağ məktəbindən əvvəl yaranıb. Qarabağda xanəndəlik sənəti 19-cu əsrin 50-ci illərindən sonra mövcud olub. Qarabağda aşıq sənəti olub, ancaq şair olmayıb. Qarabağda şair olsaydı, Vaqif orda nə gəzirdi? Şair olsaydı, Qarabağ xanı elə birini götürərdi. Vaqif gələnə qədər orada şair olmayıb. Sonradan Qasım bəy Zakir yetişib. Şair olmayan yerdə xanəndə də olmaz. Şirvanın şeir-sənət tarixinə bax: Baba Guhu Şirvani, Sənayi Şirvani, Fələki Şirvani… Xəqani onlardan sonra gəlir. Şirvanda 5 255 şair qeydə alınıb. Ərəblər işğala gələndə Şamaxıda muğamat var idi. Çünki İranda nə olubsa, Şirvana da gəlib. Qarabağda şahlıq olmayıb axı. Pənahəli xana qədər həmişə kiçik xanlıq, bəylik olub. Sonradan xanlıqlar yarandı. Amma Şamaxı xanlığı yaranana qədər oranın şahlıq tarixi olub. Xaqanlar olub, burada, xaqan titulu ilə şahlar yaşayıb.

- Bəs “Bakı şikəstəsi” var?

- “Bakı şikəstəsi” yoxdur, kim deyirsə, yalan deyir. Onu bir dəfə Hacıbaba Hüseynov deyib, bununla bağlı mübahisəmiz də düşüb, aramız da dəyib. Həmin vaxt kitab da cibimdə idi. Utandım, çıxarıb ortalığa qoymağa, tələbələrin yanında pərt olmasın. Bəhram (Xalq artisti tarzən Bəhram Mansurov- red.) şikəstələr haqqında danışıb, onun adını niyə çəkməyib? Onun da dediklərində səhvlər var. Deyir, “Sarıtorpaq şikəstəsi” var, “Kəsmə şikəstə” var. Axı bunlar ikisi də bir şikəstədir. Şikəstələr çoxdur. Mənim özümün də bir şikəstəm var. “Sarıtorpaq şikəstəsi”nin isə yiyəsi, icad edəni var. Mənim kitabımda bu haqda qeyd edilib. Deyəsən, onu itirmişəm.

Bir neçə saniyə susub nəyisə fikirləşir.

Yox, itməz. Haradasa yeşiklərdə olacaq. Kirayədə qalıram, tez-tez ünvan dəyişirəm deyə, yığıb qoymuşam yeşiklərə.

Rəvayətə görə, söhbət Mirzə Məhəmmədhəsənlə bağlıdır. O, təkcə Qarabağın deyil, ümumən Qafqazın və Şərqin ən böyük xanəndələrindən olub. Bir gün Mirzə Məhəmmədhəsən “Nəva” dəstgahını ifa edərkən, onu tamam fərqli şəkildə - şikəstə ilə oxuyur. O, Mahmud ağanın xanəndəsi olub. Hə, o oxuyub qurtarandan sonra Mahmud ağa görür ki, bu, nəsə təzə ifadır. İfa başa çatandan sonra soruşur: “Bu nə idi, oxudun?” Mirzə deyir: “Şikəstədir”. Mahmud ağa adını soruşanda deyir ki, adını hələ qoymayıb. Mahmud ağa cavab verir: “O zaman bunun adını “Sarıtorpaq şikəstəsi” qoyuram. Çünki sən sarıtorpaqlısan, bunu da sən kəşf etmisən”. Beləliklə, bu şikəstə həmin adla tanınmağa başlayır.

Mən onun haqqında 150 səhifəlik kitab yazmışam. Lakin bu gün Muğam Mərkəzində Qafqazın və Şərqin ən böyük xanəndələrindən biri olan Mirzə Məhəmmədhəsənin adı layiq olduğu şəkildə qeyd edilmir, orada onun büstü yoxdur. Halbuki Qarabağda qavalı əlinə alan bir çox şəxsin adı çəkilir, amma Məhəmmədhəsənin irsi lazımi qədər işıqlandırılmır.

O vaxt hələ peşəkar şəkildə mahnı oxumağı bilmirdim

- Neçə yaşınızdan ifa edirsiniz?

- Mən oxumağa çox erkən yaşlardan, təxminən 10-11 yaşımdan başlamışam. Məktəbdə oxuyurdum və nəğmə dərslərində müəllimlər hiss edirdilər ki, səsim digərlərindən fərqlənir. Ona görə də məktəbin müxtəlif tədbirlərində məni oxudurdular. Bayram günlərində də məni kənd-kənd aparır, tədbirlərdə oxudurdular. Sonralar Mədəniyyət evlərində adım eşidilməyə başladı. Açığı, o vaxt hələ peşəkar şəkildə mahnı oxumağı bilmirdim. Daha çox mərhum İslam Rzayevin oxuduqlarını dinləyirdim, onun oxuduqları xalq arasında çox məşhur idi. Hamı maraqla təzə hansı mahnını oxuyacağını gözləyirdi. Bir müddət sonra İslamın özü də sorağımı eşidib. Şamaxıya konsertə gələndə soruşub ki, burada belə bir oğlan var, tapın, gətirin. Gəlib baxıblar, deyiblər ki, o uşaq kənddədir. Orada tanınmış ifaçılar da olurdu. Məsələn, Asif Zeynal da həmin toyda oxumuşdu, Seyid Şuşinski də orada olub. Seyid çox güclü sənətkar idi, böyük məktəb keçmişdi. Bu sənət bir-iki ilə öyrənilən iş deyil, illərin, onilliklərin təcrübəsini tələb edir. Sonralar Asif Zeynal da gəlib həmin mühitə qoşuldu. O vaxt Bakıda üçüncü kursda oxuyurmuş, hər şeyi atıb Şamaxıda mədəniyyət evində gəlib oturmuşdu. Mənə dedilər, get ondan öyrən.

Əvvəllər təhsil imkanlarım çox məhdud idi, oxumaq daha çox həvəs və istək üzərində qurulmuşdu. Amma zaman keçdikcə muğama marağım artdı, elə ondan çox şey öyrəndim.

O insan böyük sənətkar idi. Əgər sağ qalsaydı, Azərbaycanda onunla yanaşı dayanmaq, onunla müqayisə olunmaq asan olmazdı. Hələ çox gənc idi, 29-30 yaşında qəzaya düşüb öldü.

- Muğamat, yoxsa məğamat?

- Əslində “muğamat” adlı bir şey yoxdur, o söz məğamatdır. “Muğamat” adı sonradan ruslar tərəfindən verilib. Avropalılar da bu adla tanıyıblar. Bir məqamı xüsusilə vurğulamaq istəyirəm. Kim məndən soruşursa ki, muğamı kim yaradıb, deyirəm, bu, insan işi deyil.

Peyğəmbərlərin hər birinə Allah tərəfindən bəxş edilən bir ilahi nemət var. Bu baxımdan bu məsələ Həzrəti Davudla da əlaqələndirilir. Səbəbi də budur ki, Zəbur nəğmələrdən ibarətdir. Buna “Zəbur nəğmələri” deyilir və mən də məhz bu anlayışa istinad edirəm. Rəvayətlərə görə, Həzrəti Davud Zəburu avazla oxuyardı. Bu da onu göstərir ki, səsin, nəğmənin ilahi mənşəyi var.

Digər tərəfdən, planetlərin hərəkəti, səyyarələrin fırlanması müəyyən səslənmələr yaradır. Bu səslənmələrin də musiqi ilə əlaqəsi olduğu deyilir. Yəni səs və avaz yalnız yer üzünə aid deyil, kosmik bir ahəngin nəticəsidir.

Türkiyəli Şeyx İbrahim Haqqının “Mərifət” adlı kitabı var. İbrahim Haqqı böyük alim, çoxşaxəli biliyə malik bir şəxsiyyət idi. O kitab məndədir. Həmin əsərdə göydən enən səsdən, avazın ilahi mənbədən gəlməsindən, səsin və nəğmənin metafizik mahiyyətindən geniş bəhs olunur.

- Muğam müsabiqəsi keçirilir. Niyə münsif kimi gedib bildiklərinizi gənclərlə bölüşmürsünüz?

- Mənim nə haqqım var ki, gedib orada oturum. Buna mənim üzüm gəlməz.

- Təklif edən olmayıb ki, gəlin münsif kimi iştirak edin?

- Yox, heç bu barədə mənə təklif də olunmayıb.

Foto - Rüfət Mustafayev