Türkiyə Xarici İşlər naziri Hakan Fidan, media nümayəndələri ilə keçirdiyi qiymətləndirmə toplantısında 2025-ci ildə beynəlxalq sistemin vəziyyəti və Türkiyə xarici siyasətinin əsas prioritetləri ilə bağlı mühüm açıqlamalar verib.
Hakan Fidan vurğulayıb ki, 2025-ci il beynəlxalq sistemdəki tıxanıqlığın daha da dərinləşdiyi və bu vəziyyətin demək olar ki, normallaşdığı bir dövr kimi tarixə düşüb. O bildirib ki, qlobal nizamın əsasını təşkil edən qaydalar sistemi bərpası çətin olan ciddi zərərə məruz qalıb və mövcud qlobal idarəetmə modeli Qəzza böhranı sınağından uğurla keçə bilməyib.
Beynəlxalq sistemin imkanlarının ciddi sınaqdan keçdiyini qeyd edən Hakan Fidan, bəşəriyyətin ortaq vicdanında dərin izlər buraxan böhranların ard-arda yaşandığını diqqətə çatdırıb.
Nazir bildirib:
“Ötən il qlobal nizamın əsasını təşkil edən qaydalar sistemi bərpası olduqca çətin olan ciddi bir dağıntıya məruz qaldı. Bu mənzərə qarşısında dövlətlərin mövcud müttəfiqlik münasibətlərini yenidən gözdən keçirdiklərini və yeni strukturlar yaratmaq axtarışına girdiklərini müşahidə etdik.”
Münaqişələrin, iqtisadi dalğalanmaların və texnoloji transformasiyaların ölkələri strateji yanaşmalarını yenidən nəzərdən keçirməyə məcbur etdiyini vurğulayan Fidan, məsuliyyətli dövlətlər üçün diplomatiyanın sülhə aparan yeganə əsas vasitə olaraq ön plana çıxdığını qeyd edib.
Türkiyə Səudiyyə Ərəbistanı və ya Misirlə ittifaq quracaqmı? Fidan danışıqlarla bağlı açıqlama verdi
Xarici işlər naziri Hakan Fidan, “Xarici mediada belə xəbərlər də yayıldı: Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının qurduğu ittifaqa bənzər bir ittifaqda yer almaq istəyir. Yaxın dövrdə Səudiyyə Ərəbistanı və ya Misirlə belə bir təhlükəsizlik ittifaqını görə bilərikmi?” sualına belə cavab verdi:
“Əziz dostlar, bu, vacib bir məsələdir. Prezidentimizin və bizim açıqlamalarımızı izləsəniz görərsiniz ki, biz həmişə bölgədə sabitlik və əmin-amanlığın region ölkələrinin bir araya gəlməsindən və keyfiyyətli əməkdaşlıq ortaya qoymasından keçdiyini deyirik. Regionun xroniki problemlərinə baxdıqda görürük ki, bunların başında region ölkələrinin bir-birinə etimad etməməsi dayanır. Bu etimadsızlıq arada çatlar yaradır, problemlər doğurur; ya kənardan hegemon güclər müdaxilə edir, ya da daxildən terror təşkilatları ortaya çıxaraq vətəndaş müharibələrinə yol açır və yeni sabitsizlik amilləri gündəmə gəlir. Biz bunları illərdir yaşayırıq, mübarizə aparırıq, təhlil edirik. Bütün bunların sonunda belə bir nəticəyə gəlmişik: region ölkələrinin hamısı artıq bir araya gəlməlidir. Əvvəllər belə düşünülürdü ki, əvvəl iqtisadiyyatdan başlayaq, sonra təhlükəsizliyə keçək. Halbuki biz uzun illərdir iqtisadi əməkdaşlıq edirik. İndi təhlükəsizlik sahəsində də bir əməkdaşlıq, bir platforma yaradılmasına ehtiyac var. Bu, kənara qarşı deyil. Region ölkələri bir-birinin təhlükəsizliyinə dair qarşılıqlı öhdəlik götürməlidir. Region ölkələri bir-birindən əmin olduqdan sonra problemin artıq 80 faizi həll olunur. Körfəz ölkələri bir-birinə güvənməlidir, digər ölkələr də eyni şəkildə. Geniş miqyaslı belə bir platforma yarandıqdan sonra düşünürəm ki, problemlər böyük ölçüdə həllini tapacaq, qalan məsələlər isə daha rahat həll oluna biləcək. Hazırda bu mövzuda görüşlər var, müzakirələr gedir, amma hələlik hər hansı bir razılaşmaya imza atmış deyilik. Prezidentimizin baxışı daha əhatəli, daha geniş, daha böyük həmrəylik və sabitlik yaradan bir platformanın qurulmasına yönəlib.”
Mövsüm,
AzNews.az