“MİQ-in ödənişli olması keyfiyyətli müəllim seçiminə xidmət edir” – Sona Əliyeva

15 Yanvar 2026 19:50 (UTC+04:00)

"Müəllimlərin işə qəbulu imtahanının ödənişli olması ilə bağlı qərara təkcə texniki dəyişiklik kimi baxmaq lazım deyil. Bu, təhsil siyasətində məsuliyyət, motivasiya və keyfiyyət arasında yeni balansın qurulması cəhdidir. Bütün dünyada müəllim seçimi mexanizmləri son illərdə eyni istiqamətdə dəyişir: məqsəd kəmiyyət deyil, keyfiyyətli kadr hazırlamaqdır. ABŞ, Böyük Britaniya və Skandinaviya ölkələrində aparılan tədqiqatlar da göstərir ki, müəllim peşəsinə qəbul prosesində ödəniş və ya sertifikasiya xərcləri seçimdə məsuliyyət faktorunu artırır, amma bu, yalnız sosial ədalət prinsipi qorunduqda müsbət nəticə verir".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Sona Əliyeva deyib.

Qeyd edək ki, müəllimlərin işə qəbulu (MİQ) ilə əlaqədar keçirilən müsabiqədə iştirak ödənişli olacaq. Bununla bağlı Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlərə, əlilliyi olan şəxslərə, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, şəhid ailələrinin üzvlərinə və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə şamil edilməyəcək.

Ekspert qeyd edib ki, əgər sistem düzgün tənzimlənərsə, MİQ-in ödənişli olması marağı azaltmayacaq, əksinə, daha ciddi və məqsədyönlü namizədləri seçən bir mexanizmə çevriləcək.

"Lakin ödəniş təkcə qeyd etdiyimiz kriteriyalar üzrə filtr rolunu oynamamalıdır, o həm də bu peşəni seçən şəxslərə münasibətdə ədalətli sosial mexanizmlərlə tamamlanmalıdır. Azərbaycan təcrübəsində də bu balans qorunub, çünki qərarda qeyd olunub ki, ilk dəfə iştirak edənlər, şəhid ailələri, müharibə veteranları və sosial yardım alan ailələr üçün ödəniş tətbiq olunmur. Bu, sosial ədaləti qorumaq baxımından vacib addımdır. Beynəlxalq tədqiqatların nəticələri də göstərir ki, ödənişli imtahan sistemi hazırlıqsız müraciətləri azaldır, motivasiya və məsuliyyət səviyyəsini yüksəldir. Finlandiya, Cənubi Koreya və Sinqapur kimi təhsil modellərində müəllim seçimi həm akademik göstəricilərə, həm də etik hazırlığa əsaslanır. Bu ölkələrdə müəllim imtahanları ödənişlidir, lakin dövlət sonradan bu ödənişi tədrisə başlayan müəllimlər üçün kompensasiya edir. Bu model sayəsində yalnız yüksək motivasiyaya malik, məhz müəllimlik peşəsini sevən və akademik göstəriciləri yüksək olan namizədlər seçilir. O ki qaldı Azərbaycanda bu qərarın nələri dəyişə biləcəyi sualına, beynəlxalq nümunələrə əsaslanaraq 2026–2028 dövrü üçün belə bir proqnoz vermək mümkün ola bilər: birmənalı şəkildə iştirakçı sayı azalacaq (təxminən 10–15%), amma imtahanda keçid balı və nəticələrin keyfiyyəti artacaq. Yəqin ki, MİQ prosesi daha idarəolunan və şəffaf olacaq. Peşəyə təsadüfi müraciətlər azalacaq, yalnız həqiqətən müəllim olmaq istəyənlər seçiləcək. Əgər sosial ədalət prinsipi qorunarsa, peşəyə maraq uzunmüddətli perspektivdə azalmayacaq, əksinə, daha ciddi və hazırlıqlı müəllim nəsli formalaşacaq. İlk baxışda bu qərar cəmiyyətdə xoş qarşılanmasa da, sistematik olaraq gələcəkdə bu proses həqiqətən də şəffaf idarə olunarsa, uzunmüddətli perspektivdə fayda gətirən yanaşmadır".

Rəfiqə Namazəliyeva,

AzNews.az