“Expressbank” ASC 2025-ci ilin 4-cü rübü üzrə maliyyə hesabatlarını açıqlayıb. Bank ili mənfəətlə başa vursa da, əsas maliyyə göstəricilərində mənfi dinamika diqqət çəkir.
Rəsmi məlumatlara görə, bankın xalis mənfəəti bir il ərzində 11,2 milyon manatdan 7,3 milyon manata enib ki, bu da təxminən 35% azalma deməkdir. Eyni zamanda, cəmi kapital 138,7 milyon manatdan 126,3 milyon manata düşərək 8,9% kiçilib.
Risklərin artdığını göstərən digər məqam isə mümkün zərərlər üçün ayrılan ehtiyatların 6,3 milyon manatdan 9,5 milyon manata yüksəlməsidir. Bu, kredit portfelində problemlərin dərinləşdiyinə işarə edir.
Likvidlik göstəriciləri də narahatlıq doğurur. Qısamüddətli öhdəliklər (122,9 mln manat) dərhal realizə oluna bilən aktivləri (61,5 mln manat) xeyli üstələyir ki, bu da gündəlik likvidlik idarəçiliyində gərginlik yaradır.
Bununla yanaşı, qeyri-faiz xərcləri 49,1 milyon manatdan 53,1 milyon manata yüksəlib. Gəlirlərin azalması fonunda xərclərin artması bankın mənfəət marjasını daha da daraldır.
Ümumilikdə, Expressbank mənfəətlə işləsə də, kapitalın azalması, artan risklər və likvidlik disbalansı bankın maliyyə dayanıqlığı ilə bağlı suallar yaradır.
Qeyd: Məlumatlar 32gun.az saytından götürülüb.
AzNews.az