"Hazırda bəzi insanlar süni intellekt vasitəsilə demək olar ki, işlərinin mühüm bir hissəsini yerinə yetirirlər. Hətta yaradıcılıqla məşğul olanlar, müəyyən əsərlərin yazılması, kitabların, dərsliklərin, mühazirələrin hazırlanması və ya mahnı bəstələmək kimi işlərin bir çoxunu süni intellekt üzərindən görürlər. Texnologiya imkanları artıq buna imkan verirsə, bu insan üçün faydalıdır. Amma süni intellekti önə qoymaq, insanları arxa plana çəkmək bir qədər riskli və təhlükəli bir məsələdir. Sosial münasibətlərə də təsiri var, çünki insanların əhəmiyyətli qismi texnologiyalardan faydalanmağa yönəlir. Gələcəkdə şəxsi həyata da bunun təsir imkanları arta bilər və istisna deyil ki, münasibətlər robotlar və botlar üzərindən qurulsun. Buna cəhd edənlər də var, məsələn, etimad telefonu və psixoloqla söhbət artıq bir qədər arxa planda həyata keçirilir. Peşəkarların rolu həmişə qalır, amma texnologiyanın modelləşdirilməsi və maksimal səviyyədə texnologiya sisteminə, hesablama sisteminə inteqrasiyası bəzi peşələr və sahələr üçün risklər və məhdudiyyətlər yarada bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.
Qeyd edək ki, son illərdə texnologiyanın sürətli inkişafı insanların gündəlik həyatına və sosial münasibətlərinə əhəmiyyətli təsir göstərir. Süni intellekt, virtual reallıq, sosial robotlar və digər innovativ texnologiyalar həm iş mühitini, həm təhsil sahəsini, həm də şəxsi ünsiyyəti dəyişdirir. Bu dəyişikliklər cəmiyyətdə sosial davranış modellərinin yenidən formalaşmasına, insan əlaqələrinin yeni qaydalarla tənzimlənməsinə səbəb olur.
Sosioloq qeyd edib ki, süni intellektdən düzgün istifadə edildikdə onun xeyri zərərlərindən daha çoxdur.
"Hər bir insan artıq bu texnologiyalar barədə məlumatlıdır və müəyyən dərəcədə öyrənməyə və faydalanmağa çalışır. Təlimçilər, mentorlar və peşəkarlar da texnologiyaların inkişafında, hətta insanların bəzi sahələrdə işsiz qalmasında maraqlıdırlar və bunu sevinclə qeyd edirlər. Bu qədər sevinmək lazım deyil, çünki insan amili texnologiyaların meydana gəlməsində bəzi sahələrdə geri çəkilə bilər, amma idarə edən və idarə olunan hələ də insandır. Texnologiyaların arxa fonunun yaradıcısı və onları yönəldən də insandır. İnsan beynindəki düşüncə məhsullarını sistemə inteqrasiya edən də insandır. Sonda öndə və tamamda ən çox faydalı olan insan davranışıdır və bu davranış süni intellektin aktuallığını günbəgün artırır. Cəmiyyət gələcəkdə botların, robotların və ağıllı texnologiyanın içində daha faydalı bir sistem qura biləcək. İnnovasiya yalnız sosiallığın, cəmiyyətin və rifahın xeyrinə olmalıdır. Hələ ki, müəyyən səhvlər var, amma bu o demək deyil ki, süni intellekt bu səhvləri aradan qaldırmayacaq. İnternet kimi əlçatan olduğuna görə yaxın gələcəkdə süni intellekt də bir çox işləri insanların əvəzinə görə biləcək. İnsanlar süni intellektdən düzgün istifadə etməyi tədricən öyrənirlər və təkmilləşmə gedir. Gələcək süni intellektdə insandan daha yüksək keyfiyyətlə müxtəlif obrazlara girə bilən robotlar ola bilər. Hələlik süni intellektdə məhdudiyyətlər mövcuddur, amma gələcəkdə özünü idarə edən robotlar bu məhdudiyyətləri aşa bilər. İnsan öz-özünü yaradırsa, insana bənzər robotlar da texnoloji gücə malik ola bilərlər. Buna hazır olmaq lazımdır və idarəetmə insanın əlində qalmalıdır. Mərhələdən və prosesdən çıxma riski ola bilər, bu sosial proqnostikadır amma sosiologiya, psixologiya, politologiya və tibbi-sosial biliklər imkanları kifayət qədər genişləndirir. Normal intellektli və savadlı həkim üçün bu sistemə inteqrasiya daha çox fayda gətirə bilər. İnsan daha ağıllı, güclü və bilikli olduqca bu sistemdən daha çox faydalanacaq. Əsrimiz düşünən beyinlərin, düşünən botları və robotları yaratdığı dövrdür. Düşünməyən insan üçün bu yaradılış mümkün deyil. İstifadəçi və istehlakçı baxışı fərqli ola bilər; buna görə bəzi tapşırıqların, məhdudiyyətlərin qorunması, sistemin mürəkkəbləşməsi, etik qaydalar və hüquqi məsələlər mürəkkəb mexanizmdən tənzimlənir. Bu, həm sosial, həm də informasiya təhlükəsizliyi baxımından paralel addımlardır. Riskləri önləmək üçün dövlətin, cəmiyyətin və beynəlxalq təşkilatların vahid, əlaqələndirilmiş strategiyası olmalıdır. Əks halda tərəflərdən biri və ya qütblərdən biri üstünlük qazana bilər. Hazırda bu, Çində, Rusiyada, ABŞ-da və qismən Avropada müşahidə olunur, Yaponiyada isə istisna deyil. Texnoloji üstünlük sonradan hibrid müharibələrə, ziddiyyətlərə və bəzi problemlərə səbəb ola bilər, yeni sosial normalar və dəyərlər yaranmalıdır və bu qaçılmazdır. Əvvəlki ünsiyyət mexanizmləri və modelləri öz yerini sosial botlar və texnoloji yeniliklərə verir. Yeni sosial normalar və qaydalar həm robotlar, həm texnoloji ünsiyyətlər üçün müəyyən məhdudiyyətlər müəyyənləşdirə bilər. İnsanların ünsiyyətində şərtlər və fərdi məhdudiyyətlər ola bilər, qaydalar müxtəlifdir. Ümumilikdə prosesin tənzimlənməsi, süni intellektə yanaşan insanın inteqrasiyası vacibdir. Gələcəkdə insan beyninə müəyyən pozitiv müdaxilə imkanları da nəzərdən keçirilə bilər. Texnologiyalar və insan düşüncəsi bir-birini tamamlamalıdır, əks halda robotlar və süni texnologiyalarla insanların toqquşması istisna deyil".
Rəfiqə Namazəliyeva,
AzNews.az