"İranda 2025-ci ildən bəri mühüm tarixi-siyasi əhəmiyyətli hadisələr yaşanmaqdadır – 2025-ci ilin iyununda ABŞ və İsrail tərəfindən 12 günlük hərbi müdaxilə, 2015-ci ilin nüvə sazişi ilə ləğv olunan beynəlxalq iqtisadi sanksiyaların 2025-ci ilin sentyabrından yenidən bərpası, sosial-iqtisadi vəziyyətin kritik həddə çatması fonunda kütləvi etirazların təkrar baş qaldırması və Qərbdən informasiya hücumu ilə daha da təşviq edilməsi, idarəçiliyə alternativ namizədlərin təqdim olunması. Bütün bunlar mahiyyət etibarilə İranın regional təsir imkanlarının azaldılması, nüvə potensialının məhv edilməsi, xüsusilə də dini rejimin ləğv olunaraq yeni idarəetməyə keçidin təşkili kimi məqsədlərə xidmət edir. Qərb dairələri hadisələri təhrik etməklə hakim dini rejimin sosial-iqtisadi dayaqlarını zəiflədib müəyyən qədər istədiklərinə yaxınlaşdılar, lakin tam nail olmadılar".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.
Qeyd edək ki, Avropa İttifaqı İrana qarşı əlavə sanksiyaları nəzərdən keçirir. Məlumata əsasən, bu açıqlamanı Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen verib. O bildirib ki, planlaşdırılan yeni tədbirlər İranın zorakılıqla etirazları yatırması və regional davranışlarına qarşı Avropanın mövqeyini gücləndirməyə yönələcək. Hazırda sanksiyalar hələ yekun təsdiqlənməyib və Aİ üzvləri arasında razılaşdırılma mərhələsindədir.
Siyasi şərhçi bildirib ki, dini rejimin devrilməsi xarici müdaxilə olmadan mümkün deyil.
"İranda 19-20-ci əsr hadisələrinə tarixi istinad edilərək vurğulanmalıdır ki, bu ölkədəki inqilabi hadisələr, o cümlədən hakimiyyət dəyişiklikləri hər zaman (1979, 1953, 1945, 1925, 1918-1920, 1907 və s.) xarici müdaxilə ilə baş tutub. Lakin yeni hərbi müdaxilə ABŞ və onun Yaxın Şərq regionunun dizaynında istifadə etdiyi əsas güc – İsrail üçün müvafiq təhlükələri öz bərabərində gətirir. ABŞ isə müvafiq fürsətləri və təhdidləri ölçüb qiymətləndirərək qərar verir. ABŞ Prezidenti etirazların zorakılıqla yatırılması, 28 dekabrından bəri etiraz aksiyalarında 2500-dən çox insanın qətl edilməsi fonunda “kömək yoldadır” deyərək ABŞ-nin İrana növbəti hücumu edəcəyinə dair mesaj ötürsə də, diplomatik kanallarla bu hücumun qarşısı hələ ki, alınmış görünür. Burada həm İran, həm Körfəz (ərəb) ölkələri, o cümlədən İsrailin diplomatik çabaları açıq qeyd olunur. Beləliklə, ABŞ İran hadisələrinə hərbi müdaxilə məsələsində hazırda “gözləmə mövqeyinə” keçib. Lakin bu gözləmə sakitcə, kənardan hadisələrin izlənilməsi demək deyil. Əksinə, İran xalqının dini rejimə qarşı etirazlarını daha da kəskinləşdirməyə hesablanan gözləmədir. Belə ki, etirazların əsas səbəblərindən birincisi İranın dini hakimiyyətinin yarıtmaz sosial-iqtisadi siyasətidir. Yeni sanksiyalarla iqtisadi müdaxilənin edilməsi isə bu siyasəti daha da iflasa məruz qoyaraq xalqın etirazını təşviq edəcək. Odur ki, həm İrana, həm də İranla əməkdaşlıq edən üçüncü tərəflərin üzərinə yeni sanksiyalar qoyulacaq. Hərbi müdaxilə xalqı, o cümlədən İranın dini-siyasi elitasının rəqabət içərisində olan nümayəndələrini daha çox ali dini hakimiyyət ətrafında “vahid düşmənə” qarşı birləşməyə sövq edə bilərdi. ABŞ birbaşa hərbi müdaxilə ilə uzun illər dini-ideoloji təbliğatın təsiri altında qalan, imperialist dairələrin müdaxiləsinin dövlətçiliyə təsirini tarixi-təcrübə edən İran xalqının rəğbətini qazana bilməyəcəyini anlayır. Yeni iqtisadi təzyiqlər isə xalqı öz içərisindən Qərblə əməkdaşlığa açıq, yeni idarəçilik düşüncəsinə malik namizədlər çıxarmağa sövq edə bilər. Ehtimal etmək olar ki, yaşanan hadisələr fonunda İran dini hakimiyyəti içərisində post-Xamenei dövrü üçün hazırlıq başlanacaq. Yeni dövrə necə keçəcəyi, Qərblə əlaqələri hansı formada tənzimləyəcəyi İranın hazırkı dini hakimiyyətinin gələcək taleyini müəyyən edəcək".
Rəfiqə Namazəliyeva,
AzNews.az