"Qanunvericiliyə edilən dəyişikliklər informasiya resurslarının istifadəsi qaydaları ilə bağlı konkret məsuliyyət nəzərdə tutur. Bu məsuliyyət qanunvericilikdə informasiya resursunun mülkiyyətçisi və ya sahibi kimi göstərilən şəxslərə aiddir. Onların məsuliyyəti isə əsasən məhdudlaşdırma ilə bağlıdır. Yəni istifadəçilərin həmin informasiya resursundan istifadəsinin məhdudlaşdırılması məsələsinə görə məsuliyyət müəyyən edilib. Digər tərəfdən, sosial şəbəkələr üzərindən ayrı-ayrı istifadəçilərə birbaşa hansı formada cəza tətbiq olunması ilə bağlı iddialar bir qədər absurddur. Qanunvericiliyə hüquqi prizmadan yanaşdıqda, açıq şəkildə görünür ki, məsuliyyət yalnız istifadəçilərin məhdudlaşdırılması ilə bağlı nəzərdə tutulub və bu da sırf Azərbaycan ərazisinə aid məsələdir. Lakin Facebook, TikTok, Instagram kimi digər sosial şəbəkələrlə bağlı ayrıca mexanizmlər mövcuddur. Bu platformalarda təhqir və böhtana yol verən şəxslər, hətta saxta profillərdən istifadə etsələr belə, müəyyən edilərək məsuliyyətə cəlb olunublar".
Bu fikirləri Aznews.az-a açıqlamasında hüquqşünas Mehman Muradlı deyib.
Xatırladaq ki, son dövrlər sosial şəbəkələrdə paylaşılan təhqiramiz ifadələr, kobud davranışlar və əxlaqa zidd görüntülər ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Xüsusilə TikTok, Instagram və digər platformalarda yayılan bu cür məzmunların cəmiyyətin mənəvi dəyərlərinə zidd olduğu ilə bağlı narazılıqlar artmaqdadır. Məhz bu fonda Prezident İlham Əliyevin imzaladığı yeni qanun dəyişiklikləri sosial şəbəkələrdə yayılan məzmunun hüquqi tənzimlənməsi məsələsini gündəmə gətirib.
Hüquqşünas bildirib ki, burada həm təhqir, həm də böhtan halları istintaq predmeti ola bilər.
"Əgər böhtan kiməsə xüsusilə ağır cinayət törətmək ittihamı ilə bağlıdırsa, bu artıq Cinayət Məcəlləsi ilə tənzimlənir və üç ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Təhqir hallarında isə bir ilədək azadlıqdan məhrumetmə mümkündür. Bununla yanaşı, inzibati xətalar da mövcuddur. Xırda xuliqanlıq, pornoqrafik materialların yayılması, narkotik vasitələrin təbliği və ya milli-mənəvi dəyərlərə uyğun olmayan digər davranışlar inzibati məsuliyyət yaradır. Konkret olaraq informasiya resurslarının istifadəsi ilə bağlı qanunda ayrıca cəza növləri göstərilmir. Qanunda ümumi şəkildə “məsuliyyət daşıyır” ifadəsi yer alır. Bu məsuliyyət isə pozuntunun xarakterindən asılı olaraq ya inzibati, ya da cinayət qanunvericiliyi çərçivəsində tətbiq olunur. Yəni son dövrlər yayılan bəzi iddiaların əksinə olaraq, sözügedən qanunun özündə birbaşa cərimə və ya cəza mexanizmləri yoxdur. Məsələlər inzibati və cinayət qanunvericiliyi ilə tənzimlənir".
Rəfiqə Namazəliyeva,
AzNews.az