İtaliyanın Çerveteri şəhərinin meri Lənkəranda

14 Sentyabr 2013 19:55 (UTC+04:00)
Trend Cənub TV-yə istinadən xəbər verir ki, İtaliyanın Çerveteri və Azərbaycanın Lənkəran şəhərləri qardaşlaşıb.

Bu məqsədlə Lənkərana səfər edən Çerveteri şəhərinin meri Alessio Paskuççi şənbə günü Lənkəran şəhər İcra Hakimiyyətinin binasında rayon rəhbərliyi ilə görüş keçirib.

Görüşü giriş sözü ilə açan Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov qonaqları salamlayaraq, Azərbaycanın dilbər güşələrindən biri olan Lənkəran rayonuna təşrif buyurduqları üçün onlara təşəkkürünü bildirib.

Görüş zamanı qonağa Lənkəran haqqında ətraflı məlumat verən icra başçısı bildirib ki, 2 şəhər, 4 qəsəbə, 83 kənddən ibarət olan Lənkəran rayonu aqrar sənaye və kənd təsərrüfatı mərkəzi olmaqla yanaşı, həm də turizm bölgəsidir.

Lənkəran rayonunun sürətlə inkişaf etməsindən danışan Taleh Qaraşov bunu dövlət başçısının regionların inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu bildirib.

Daha sonra Çerveteri şəhərinin meri Alessio Paskuççi yaşadığı şəhər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Çerveteri şəhəri ilə Lənkəran rayonu arasında bır sıra oxşarlıqların olduğunu deyən səfir vurğulayıb ki, həm Lənkəran, həm də Çerveteri dağ və dənizlə əhatə olunub. Alessio Paskuççi çıxışının sonunda ona göstərilən diqqət və qayğıya görə Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşova dərin minnətdarlığını bildirib.

Daha sonra Lənkəran ŞİH başçısı tərəfindən ali qonağa cənub bölgəsinin zəngin tarixi abidələrindən bəhs edən "Xan sarayı"nın əks olunduğu tablo, Lənkəran xalçası və Lənkəran haqqında kitab təqdim olunub.

Görüş zamanı mer Alessio Paskuççi ilə Lənkəran rayon rəhbərliyi arasında Lənkəran və Çerveteri şəhərinin qardaşlaşması haqqında dostluq memorandumu imzalanıb. Sonra qonaqlar Lənkəranın tarixi yerlərini gəzib, şəhərin turizm potensialı ilə yaxından tanış olublar.

AzNews.az