Suriya müxalifəti narazılıq edir

14 Sentyabr 2013 20:17 (UTC+04:00)
Suriya müxalifətinin nümayəndələri Rusiya ilə ABŞ arasında bağlanan razılaşmanın əleyhinə çıxış edib.


Bu razılaşmaya əsasən, Bəşər Əsəd hökumətinin kimyəvi silah arsenalları beynəlxalq nəzarətə veriləcək. APA-nın "Röyters"ə istinadən verdiyi xəbərə görə, "Azad Suriya Ordusu"nun Ali Hərbi Şurasının rəhbəri Səlim İdrisin açıqlamasında bildirib ki, bu addım Rusiya tərəfindən rəsmi Dəməşq üçün "vaxt udmaq" üçün atılıb.

S.İdris bəyan edib ki, Bəşər Əsədin əleyhdarların əldə etdiyi məlumata görə, hökumət qoşunları kimyəvi silah ehtiyatlarını Livan və İraqa köçürürlər. Beləliklə, onlar bu ilin noyabrında ölkəyə səfər edəcək beynəlxalq müfəttişliyinin səfərinə hazırlaşırlar.

Müxalifətçi əlavə edib ki, razılaşmanın bağlanması Suriya müxalifətinin Bəşər Əsəd rejiminə qarşı atdığı addımlarına heç bir təsir etməyəcək.

Müxalifət ordusu komandanlığının digər nümayəndəsi Kasım Səadədddin qeyd edib ki, "Azad Suriya Ordusu" müfəttişləri qorumayacaq və onlara ölkə ərazisində işləməyə imkan verməyəcək.

Xatırladaq ki, ABŞ və Rusiya arasında əldə olununan razılaşmaya əsasən, beynəlxalq nəzarətə veriləcək Suriyanın kimyəvi silah arsenallarını 2014-cü ilin ortalarında məhv etmək planlaşdırılır.

AzNews.az