NATO-nun səkkiz ölkəsi: ABŞ-nin tarif təhdidləri transatlantik münasibətləri sarsıdır

18 Yanvar 2026 19:10 (UTC+04:00)

ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı səkkiz NATO ölkəsinə qarşı yeni rüsumlar tətbiq etmək hədələri transatlantik münasibətləri sarsıdır və gərginliyin artmasına səbəb ola bilər.

Aznews.az xəbər verir ki, bu barədə Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveçin birgə bəyanatında qeyd olunub.

Sənəddə qeyd olunur ki, Trampın tariflərlə təhdid etdiyi ölkələr suverenliklərini qətiyyətlə müdafiə etmək niyyətindədirlər.

"Biz Danimarka Krallığı və Qrenlandiya əhalisi ilə tam həmrəylik ifadə edirik. Ötən həftə başlayan prosesə əsaslanaraq, biz suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında dialoqa hazırıq. Biz bu prinsipləri qətiyyətlə müdafiə edirik", – sənəddə vurğulanır.

Bildirilir ki, rüsumların tətbiqi ilə bağlı hədələr transatlantik münasibətləri zəiflədir və eskalasiya riski yaradır: "Biz bundan sonra da vahid cəbhə ilə və koordinasiyalı şəkildə reaksiya verəcəyik. Suverenliyimizi qorumaqda qətiyyətliyik".

Sənəddə həmçinin vurğulanır ki, Arktikada təhlükəsizliyin təmin olunması NATO-nun ümumi vəzifəsidir və Danimarkanın koordinasiya etdiyi "Arctic Endurance" təlimləri heç kim üçün təhlükə yaratmır.