Yanvarın 16-da Yevlax rayonunda tanışını güllələməkdə şübhəli bilinən sabiq icra başçısı Qoca Səmədovun oğlu Zaur Səmədov barəsində məhkəmə qərarı verilib.
Yevlax Rayon Məhkəməsi Zaur Səmədovun istintaq müddətində 3 ay müddətinə həbsdə saxlanılması barədə qərar çıxarıb. Hazırda Yevlax Rayon Polis Şöbəsində onunla bağlı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (silah tətbiq etməklə xuliqanlıq) üzrə başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.
Məlumata görə, hadisə rayonun İsmayılabad kəndində baş verib. Belə ki, 39 yaşlı Zaur Səmədov qanuni qeydiyyatda olan ov tüfəngi ilə münaqişə zəminində 46 yaşlı tanışının ayağından yaralayıb. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, Zaur Səmədovun atası, sabiq icra başçısı Qoca Səmədov 2019-cu ildə həbs olunmuş, 2023-cü ildə vaxtından əvvəl şərti azadlığa buraxılmışdı. O, səhhətindəki ciddi problemlərlə əlaqədar həmin ilin dekabr ayında vəfat edib.
AzNews.az