Azərbaycan güləşçiləri ilin ilk təlim-məşq toplanışlarına başlayıblar

19 Yanvar 2026 18:08 (UTC+04:00)

Güləş üzrə Azərbaycan milli komandaları 2026-cı ilin ilk təlim-məşq toplanışlarına başlayıblar.

Aznews.az xəbər verir ki, Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Yanvarın 7–11-i aralığında keçirilən Azərbaycan çempionatından sonra milli komandaların heyəti müəyyənləşib və hazırlıq mərhələsinə start verilib.

Yunan-Roma güləşi üzrə yığma yanvarın 14–dən, sərbəst güləş üzrə milli isə yanvarın 18-dən Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb.

Yunan-Roma güləşçiləri yanvarın 25-dək, sərbəst güləşçilər isə 31-dək Göygöldə daha çox fiziki hazırlığın yüksəldilməsinə hesablanmış hazırlıq prosesini davam etdirəcəklər. Toplanışın gedişində taktiki-texniki çalışmalara da yer ayrılacaq.

Qadın güləşi üzrə milli isə bu gün Bakıda bir araya gəlib. Güləş Federasiyasının qadın güləşi üzrə təlim-məşq bazasında təşkil edilən toplanış fevralın 3-də yekunlaşacaq.

Qeyd edək ki, növbəti aydan beynəlxalq yarışlarda iştirak nəzərdə tutulub. Qadın güləşçilər ilə ilk reytinq turniri sayılan "Zaqreb Open"lə (4-8 fevral) start verəcək. Kişilərdən ibarət komandalarımız isə növbəti reytinq turnirində – Tiranada keçiriləcək Muhamet Malo Memorialında (25 fevral – 1 mart) debüt edəcəklər.