“Tramp İrana, Kubaya və Venesuelaya ‘azad ölkə’ vizionu verib” - Oqtay Qasımov

19 Yanvar 2026 20:47 (UTC+04:00)

"Amerika prezidentinin "Truth Social" sosial şəbəkəsində yayılan müsahibəsi maraq doğurur. Orada verilən proqnoza görə, Tramp Ağ Evi tərk etməzdən əvvəl azad Venesuela, azad Kuba və azad İrana səfər edə bilər. Bu, bir proqnozdur. Diplomatik dildən adi dilə çevrilsə, Tramp Venesuelada faktiki olaraq Maduro rejiminə son qoyub və ABŞ‑nin oradakı maraqlarını təmin etmək üçün konkret addımlar atır. O, çalışır ki, ölkədə özünə yaxın qüvvələr hakimiyyətə gəlsin və Amerikanın maraqları tam şəkildə qorunsun. Hədəfdəki digər ölkələrdən biri şübhəsiz ki, Kubadır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində Fox News telekanalına aid videonun linkini paylaşıb. Videoda hakimiyyət dəyişikliyindən sonra Trampın İrana səfər edə biləcəyi ehtimalı səsləndirilir. Görüntülərdə siyasi analitik Mark Tissen aparıcı Mark Levinə açıqlamasında bildirib: "Trampın Ağ Evi tərk etməzdən əvvəl azad İran, azad Kuba və azad Venesuelaya səfər edəcəyini proqnozlaşdırıram.”

Siyasi şərhçi qeyd edib ki, Tramp Venesueladakı hadisələrdən sonra Kubaya dair sərt bəyanat verib və oradakı rəhbərliyə çox düşünmək üçün vaxt tanımayıb.

"Bundan başqa, Trampın həm indiki, həm də əvvəlki hakimiyyətli dönəmlərdə İranla bağlı sərt mövqeyi olduğu məlumdur. Həmin ölkələrin “azad ölkə” kimi təqdim edilməsi isə o deməkdir ki, Tramp hakimiyyətdən gedənədək rejim dəyişikliklərinə nail olub, Amerikaya yaxın qüvvələri hakimiyyətə gətirəcək və ehtiyac olarsa bu ölkələrə səfər edə bilər. Bu ifadə bir qədər məcazi də qəbul oluna bilər, çünki həmin ölkələrin ABŞ‑nin nəzarətində olması və Trampın səfəri bir-biri ilə bağlıdır. Eyni zamanda, səfər real və həqiqi də ola bilər. Əgər ABŞ orada planladığı hakimiyyət dəyişikliklərini həyata keçirə bilsə, Tramp növbəti seçki kampaniyası ərəfəsində özünün davamçısına və ya dəstək vermək istədiyi siyasətçiyə dəstəyini göstərmək üçün belə bir səfərə gedə bilər. Bu səfər həm həmin ölkələrdə rejim dəyişikliklərini təmin etmək, həm də Amerikanın maraqlarını və nəzarətini gücləndirmək məqsədilə başa düşülməlidir".

Rəfiqə Namazəliyeva,

AzNews.az