“Bakı məktəbləri müəllimlər üçün daha cəlbedicidir” - Ramin Nurəliyev

19 Yanvar 2026 23:19 (UTC+04:00)

"Əlbəttə, rayon məktəbləri ilə paytaxtdakı, xüsusilə Bakı şəhərində yerləşən məktəbləri müqayisə etmək bir az yanlışdır. İstənilən müəllimdən soruşsaq, region məktəbində tədris aparmaq istərdiniz, yoxsa Bakı şəhərində, əksəriyyət daha çox Bakı məktəblərinə üstünlük verəcək. Bunun səbəbi aydındır: Bakı həm infrastruktur baxımından əlverişlidir, həm yol-nəqliyyat, həm də digər imkanlar baxımından daha rahatdır. İstər region məktəbindən olan müəllimlər, istərsə də Bakıda ali təhsil almış müəllimlər, tədris fəaliyyətini mərkəzi şəhərdə həyata keçirməyi daha çox arzu edirlər. Bununla belə, fərqlər var. Bakı məktəbləri texniki baxımdan region məktəblərindən üstün olmaqla yanaşı, peşəkar müəllimlərin əksəriyyətini cəlb edir".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Xatırladaq ki, son illər Azərbaycanda təhsil sistemində aparılan islahatlara baxmayaraq, paytaxt məktəbləri ilə regionlardakı təhsil müəssisələri arasında keyfiyyət fərqi hələ də aktuallığını qoruyur. Maddi-texniki baza, müəllim potensialı, əlavə hazırlıq imkanları və rəqəmsal resurslara çıxış baxımından müşahidə olunan bu fərqlər şagirdlərin bilik səviyyəsinə və ali təhsilə qəbul nəticələrinə birbaşa təsir göstərir. Mütəxəssislər hesab edirlər ki, region məktəblərində mövcud olan problemlər yalnız infrastrukturla deyil, eyni zamanda kadr çatışmazlığı, sosial motivasiya və idarəetmə mexanizmləri ilə də bağlıdır.

Ekspert qeyd edib ki, MİQ imtahanında yüksək bal toplayan müəllimlər istər-istəməz şəhər məktəblərinə müraciət edirlər.

"Eyni zamanda, şəhər məktəblərində elit şagirdlər daha çoxdur, buna görə də yüksək nəticələr daha çox bu məktəblərdə müşahidə olunur. Amma qəbul imtahanı nəticələrinə baxdıqda, region məktəbləri də geri qalmır. Son iki ildə region məktəblərində 600-dən yüksək bal toplayan şagirdlər var, o cümlədən qız şagirdlər də. Bu, sevindirici haldır, çünki valideynlərin qız övladlarını təhsildən kənar saxlaması tendensiyası artıq azalıb. Əlbəttə, mərkəz məktəblərində potensiallı şagirdlərin cəmləşməsi tədris prosesinin keyfiyyətinə müsbət təsir göstərir. Lakin bunu ümumiləşdirmək düzgün deyil, region məktəblərində də yüksək keyfiyyətli müəllimlər mövcuddur. Sadəcə, faiz nisbətinə görə mərkəz məktəblərində daha çox potensiallı müəllim və şagird toplanır. Şəhər məktəbləri texniki baza və infrastruktur baxımından da region məktəblərindən daha əlverişlidir. Məsələn, internet və elektron resurslar baxımından fərq aydın görünür. Hətta şəhər daxilində də mərkəzi məktəblər, ucqar və kənar məktəblərə nisbətən daha perspektivlidir. Regionlarda kadt çatışmazlığı məsələsi də bəzi hallarda təsir göstərir. Ucqar kənd məktəblərində ciddi çatışmazlıq olsa da, rayon mərkəzində belə ciddi problem müşahidə olunmur. Eyni zamanda əhali mərkəzi şəhərlərə can atır, valideynlər uşaqlarını Bakıda təhsil alması üçün gətirməyi üstün tuturlar. Bu da region məktəblərində şagird sayının azalmasına, bəzən məktəblərin bağlanmasına və ya birləşdirilməsinə səbəb olur. Nəticədə müəllimlərin əmək fəaliyyəti müəyyən riskə düşür. Buna görə də müəllimlər mərkəz və rayon məktəbləri arasında seçim edərkən adətən mərkəz məktəblərinə üstünlük verirlər. MİQ imtahanında yüksək bal toplayan müəllimlərin şəhər məktəblərinə cəlb olunması da nəticələrin daha yüksək olmasına təsir göstərir. Lakin region məktəblərində də əksər hallarda 50–60% nəticə göstərən şagirdlər asanlıqla əmək fəaliyyətinə başlayır, buna görə yüksək bal toplayanları yalnız şəhər məktəbləri ilə müqayisə etmək düzgün olmaz".

Rəfiqə Namazəliyeva,

AzNews.az