Alimlər Yer kürəsinin yaxınlığında son onilliklərin ən güclü Günəş radiasiya fırtınalarından birinin qeydə alındığını bildirirlər. Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (IKI) Günəş Astronomiya Laboratoriyasının məlumatına görə, təxminən 22 illik – iki Günəş dövrünü əhatə edən müddətdə ilk dəfə olaraq S4 səviyyəsində güclü radiasiya fırtınası müşahidə olunub. Bu səviyyə müasir müşahidə tarixində indiyədək qeydə alınmamış hesab olunur.
Alimlərin bildirdiyinə görə, indiyə qədər tarixi maksimum göstərici XX əsrdə təxminən 40 min vahid səviyyəsində olub. Cari ilin 19 yanvarında isə proton axınının səviyyəsi Moskva vaxtı ilə saat 22:25-ə qədər artıq 37 min vahidi keçib və rekord həddə çox yaxınlaşıb. Mütəxəssislər bu göstəricinin hətta 2003-cü ildə baş vermiş məşhur X17.2 sinifli Günəş partlayışından daha güclü olduğunu vurğulayırlar və hadisənin miqyasını “tam izahı çətin” kimi dəyərləndirirlər.
ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına əsasən, S4 səviyyəli radiasiya fırtınaları kosmik və yerüstü texnologiyalar üçün ciddi risklər yarada bilər. Belə fırtınalar peyklərin fəaliyyətində nasazlıqlara, yaddaş və görüntü sistemlərində pozuntulara, ulduz izləmə sistemlərində problemlərə və nəticə etibarilə peyklərin oriyentasiyasında çətinliklərə səbəb ola bilər. Eyni zamanda günəş panellərinin səmərəliliyinin azalması ehtimalı da yüksək qiymətləndirilir.
Bundan əlavə, qütb bölgələrində yüksək tezlikli radio rabitəsində fasilələrin yaranacağı, naviqasiya sistemlərində səhvlərin artacağı və bu təsirlərin bir neçə gün davam edə biləcəyi bildirilir.
Qeyd edək ki, alimlər bundan əvvəl də Yerə doğru yönəlmiş G3–G4 səviyyəli güclü maqnit fırtınaları ilə bağlı xəbərdarlıq etmişdilər. Mövcud proseslər Günəş aktivliyinin pik mərhələsinə daxil olunduğunu və yaxın dövrdə kosmik hava ilə bağlı risklərin artacağını göstərir.
AzNews.az