Oxfam təşkilatı tərəfindən hazırlanmış “Zənginlərin hökmranlığına müqavimət: azadlığı milyarderlərin gücündən qorumaq” (Resisting the Rule of the Rich – Protecting Freedom From Billionaire Power) adlı hesabatın nəticələri bu gün İsveçrənin Davos şəhərində başlayan Dünya İqtisadi Forumunun (WEF) illik toplantısında açıqlanıb.
AzNews.az xəbər verir ki, hesabatda dünyada milyarderlərin sayının artdığı və onların sərvətlərinin getdikcə daha sürətlə böyüdüyü qeyd olunur. Sənədə əsasən, ötən il Elon Mask, Bernard Arno, Ceff Bezos, Lerri Ellison və Mark Zukerberq də daxil olmaqla, dünyada mövcud olan təxminən 3 min milyarderin ümumi sərvəti 2,5 trilyon dollar (16 faiz) artaraq 18,3 trilyon dollara çatıb. Milyarderlərin sərvətlərində real artım 2020-ci ildən bu yana 81 faiz təşkil edib.
Keçən il milyarderlərin sərvət artımı əvvəlki illərin orta göstəricisi ilə müqayisədə üç dəfə daha sürətli olub. Hazırda dünyanın ən varlı 12 nəfərinin sahib olduğu sərvət 4 milyarddan çox insanın ümumi gəlirindən daha çoxdur.
Bununla yanaşı, dünya əhalisinin dörddə biri mütəmadi olaraq kifayət qədər qidaya çıxış əldə edə bilmir, qlobal əhalinin isə demək olar ki, yarısı yoxsulluq şəraitində yaşayır. Keçən il milyarderlərin qlobal sərvətində qeydə alınan 2,5 trilyon dollarlıq artım məbləği, həddindən artıq yoxsulluğun 26 dəfə aradan qaldırılmasına kifayət edərdi.