Elm adamları xoruldayan insanların niyə öz çıxardıqları yüksək səsə oyanmadığı sualına nəhayət cavab tapıblar. Sidneydəki Yuxu Müalicəsi Mərkəzinin həkimləri mövzu ilə bağlı diqqətçəkən açıqlamalar veriblər.
Mütəxəssislər bildirib ki, xoruldama səsi ətrafdakı insanları yuxusuz qoyacaq qədər güclü olsa belə, xoruldayan şəxsin beyni bu səsi “aşağı prioritetli səs-küy” kimi qəbul edir. Buna görə də beyin həmin səsə reaksiya vermir və oyanma baş vermir.
Beyin xoruldama səsini filtrdən keçirir
Dr. Şahın sözlərinə görə, xoruldayan insanlar əslində öz səslərini eşidirlər, lakin beyin bu səsi süzgəcdən keçirərək önəmsiz hesab edir.
“Beyin istirahətə üstünlük verir. Buna görə də xoruldama səsi olsa belə, bədənin oyanmasını tetikləmir”, – deyə o qeyd edib.
“Vərdiş” amili əsas rol oynayır
Mütəxəssis vurğulayıb ki, insan zamanla öz xoruldama səsinə alışır. Səs nə qədər yüksək olsa da, beyin onu tanış qəbul etdiyi üçün oyanma baş vermir. Lakin mətbəxdən gələn qəfil güclü səs və ya damdan eşidilən naməlum bir tıqqıltı kimi qeyri-adi səslər, hətta ən çox xoruldayan insanı belə oyada bilər.
Bu tip səslər beyin tərəfindən “yüksək prioritetli” siqnallar kimi dəyərləndirilir və müdafiə mexanizmini işə salır.
Qısa oyanmalar yadda qalmır
Dr. Şah bildirib ki, xoruldayan bəzi insanlar qısa müddətə oyansalar da, bu anlar cəmi bir neçə saniyə çəkdiyi üçün yadda qalmır. İnsan dərhal yenidən yuxuya getdiyindən, səhər həmin oyanmaları xatırlamır.
Ekspertin sözlərinə görə, yuxu pozuntuları zamanı baş verən bu qısa oyanmalar insanın hələ də yuxu vəziyyətində olması səbəbindən yaddaşda iz buraxmır.
AzNews.az