Məktəb bazarlığı neçəyə başa gəlir; Uşaqlar şikəstliyin bir addımlığında - REPORTAJ

15 Sentyabr 2013 16:22 (UTC+04:00)
Yeni dərs ili özü ilə məktəb həyəcanı ilə yanaşı, valideyn məsuliyyəti də gətirir ki, bunun da yolu çox zaman həm də narahatlıqdan keçir.

Valideyn övladını məktəbə yola salmaq üçün hələ sentyabrın 15-dən çox-çox əvvəldən düşünür, çıxış yolu axtarır, xüsusən də bazardakı hesab cibdəki hesabla uyğun gəlməyəndə...

"Çörəkpulu çıxarırıq da…"


Bu hesab arasındakı fərqi məktəbli bazarının hər addımında hiss etmək mümkündür. Narazı valideynlər, həm narazı, həm də məmnun görünməyi eyni anda bacaran satıcılar, küskün uşaqlar - bugünkü məktəbli bazarının mənzərəsi budur. Xoş olmayan, amma hər il dərs ili öncəsi qarşılaşdığımız üçün adət etdiyimiz mənzərədir. Bir uşağı məktəbə yol salmaq üçün tələb olunan vəsaiti hesablamaq üçün məktəbli bazarına baş çəkdikdə narazılığın kökündə nəyin dayandığını müəyyən etmək çətin olmur - süni qiymət artımı.

Dərs ilinin başlanmasına bir neçə gün qalmış uşaq üçün tələb olunan demək olar ki, bütün malların qiyməti artırılıb. Hətta məktəbə heç bir aidiyyəti olmayan malların belə. Bu, qazanmaq üçün vaxtı fürsət bilənlərin öz düşüncələrindəki qazanclı günlərə qovuşmağın yoludur. Müvəqqəti yoldur, amma bu belə kimlərisə məmnun etmək üçün kifayətdir.

"Bir neçə gün əvvəllə müqayisədə qiymətlər artıb" - bunu uşaqlar üçün paltar satan satıcı deyir. Qiymət artımının səbəbini heç nə ilə əlaqələndirmir, sadəcə deyir ki, bu bir-iki gündən istifadə etməmək günah olar: "Onsuz da indi uşağı bazara gətirənlər bizdən də bir-iki şey alır. Düzdü, hamı indi daha çox məktəb ləvazimatı alır, amma bizə də baş çəkənlər olur. Çörəkpulu çıxarırıq da..."


Çantayla gələn bəla


Çörəkpulunu bir-iki günün fürsətindən çıxarmaq istəyən təkcə o deyil. Avqustun sonları, sentyabrın əvvəlləri ilə müqayisədə qiymətlər hiss ediləcək dərəcədə artıb. Normal bir çanta almaq üçün valideyn ən azı 25-30 manatından keçməlidir. Normal dediksə, bu sözü dərs ilinin ilk ayları üçün istifadə etdik.

Nəzərə alsaq ki, keyfiyyəti heç də yuxarı olmayan bu çanta ilə uşaq bir ili başa vura bilməyəcək, deməli ilin sonuna kimi daha bir çanta lazım olacaq. Valideynin ümidi ancaq ilin ortasında qiymətin bir qədər enəcəyini gözləməyə qalır. Çantaların keyfiyyətinin dərs kitablarının ağırlığı qarşısında böyük hesabla uduzduğunu da diqqətə alsaq, şagirdin elə ilk dərs günü qarşılaşacağı problemləri təsəvvür etmək çətin deyil.

"Oğlum birinci sinfə gedəcək. Təkərli çanta almaq istəyirəm, amma qiyməti 50 manatdan aşağı deyil. Uşaq adi çantanı apara bilməyəcək. Məktəbdə də deyirlər ki, valideynlər məktəbin daxilinə buraxılmır. Uşaqları ancaq qapıdan ötürə bilərik. Sinif otaqları 3-cü mərtəbədədir. Uşaq 3 mərtəbə bu çantanı necə daşıyacaq, bilmirəm" - bunu məktəb həyəcanı qızı ilə birgə yaşayan ana deyir.

Haşiyə: Araşdırmalara görə, məktəbyaşlı uşaqlarda bel ağrısı, onurğa sütunu əyrilikləri artır. Bu problem irəlilədikcə hətta onurğa deformasiyası ilə nəticələnə bilər ki, bu da insanın bütün həyatını alt-üst edər. Mütəxəssislərin sözlərinə görə, uşaqları bu problemdən qorumağın ən mühüm yolu məktəb çantaları seçiminə diqqətlə yanaşmaqdır. Kürəkdə daşınan çantalar onurğa sütununda əyriliklərin yaranmasına səbəb ola bilər ki, çantanın ağırlığı bu riski daha da artırır.

Bu təhlükə ilə üzləşməmək üçün uşaqlara mümkün qədər yüngül və keyfiyyətli çanta alınmalı, ağırlığa diqqət yetirilməli, təktərəfli çantalardan istifadə olunmamalı, çanta ağırlığı bədən ağırlığının 10 faizini təşkil etməlidir. Məsələn, ibtidai sinifdə təhsil alan uşağın çantası 3-4 kiloqramdan artıq olmamalıdır. Məktəbyaşlı uşaqlarda onurğa sütunu əyriliklərinin qarşısını almaq üçün onlara düzgün tədris və istirahət rejimi yaradılmalıdır.

"Kimdə tutsalar vay halına"


Digər məktəb ləvazimatları – dəftərdən tutmuş "Məktəbli kitabçası"na qədər bura əlavə etsək, bir uşaq üçün azı 20 manat tələb olunur. İdman dəsti, ayaqqabı və ən nəhayət məktəbli geyimi. Vahid məktəbli geyiminin tətbiqi ən çox satıcıları qəzəbləndirib. Dediklərinə görə, mövsüm zamanı ən çox geyimdən qazanılan pula ümid bəsləyirdilər, ancaq vahid geyimin tətbiqi və Bakı Tikiş Evinin öz mağazalarını açması bu ümidin üstündən xətt çəkib: "Özləri tikib özləri də satır. Olmazmı ki, biz də sataq? Ötən il Çindən gətirmişdilər, yenə 5-10 manat çörək pulu çıxdı. Camaat da 40-50 manat verib almaqdansa, 20 manata alırdı. İndi hər gün gəlib yoxlayırlar. Kimdə tutsalar vay halına. Ona görə heç kəs qorxusundan yaxın durmur". Kim yoxlayır sualına "komitə" deyir.

Məlum olur ki, söhbət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyindən gedir. Komitə reydlər keçirir və standarta uyğun olmayan geyimləri satışdan çıxarır. Bakı Tikiş Evinin geyimləri – köynək və jiletin də daxil olduğu dəstin qiyməti ölçüsünə görə dəyişir. I sinifdən VI sinif şagirdlər üçün nəzərdə tutulan məktəbli formalarının qiyməti 40 manat təşkil edir ki, bu da keçən illə müqayisədə 5 manat azdır.

VII sinifdən XI sinfədək olan şagirdlər üçün isə məktəbli geyimlərinin ümumi qiyməti 52 manat təşkil edir. Bu da ki, keçən illə müqayisədə 3 manat aşağıdır. BTE-nin Yasamaldakı balaca mağazasında qələbəlikdir. Deyəsən, bizim kimi gecikənlər çoxdur. Amma söhbət əsnasında məlum olur ki, çoxu uşaqların ölçüsünə uyğun geyim tapa bilməyənlərdir.

Dəfələrlə müraciət ediblər, hər dəfəsində də təkrar gəlmək məcburiyyətində qalıblar. Satıcılar mümkün qədər kömək etməyə çalışır, uşaqların ölçüsünə geyimləri uyğunlaşdırmağa çalışırlar.
"Bizim dövrümüzdə uşaqların boyu da, çəkisi də yaşına uyğun olurdu. İndi dəyişib. Sinifdə iki uşaq bir-birinə bənzəmir. Ona görə də burda geyim seçəndə çətinlik olur. Birindən şalvar, birindən pencək seçirik".

2 uşaq – 300 manat


Olduqca darısqal mağazada təhükəsizlik xidməti əməkdaşı həm də məsləhətçi rolundadır. Uşaqlara, valideynlərə hansı geyimin ölçüyə daha çox uyğun olduğu məsləhətini verir. Bəzi valideynlər üçün məktəbli geyimi çox bahadır. İki uşaq məktəbə yola salan, birini isə hazırlıq sinfinə qoyduğunu deyən xanımın sözlərinə görə, məktəb hazırlığı ailəyə hələlik 300 manata başa gəlib: "Dərs başlayan kimi müəllimlər test kitablarının siyahısını verəcəklər. Azı 5 fəndən test kitabçası almaq lazımdır. Hər kitabça da 3 manatdır. Başqa materialları da əlavə edəndə məbləğ daha da artır. Biz uşağımızın təhsilinə xərc çəkməkdən gileylənmirik, amma maaşımız ürəyimizi istəyən kimi uşağı məktəbə yola salmağa imkan vermir. Mən evdar qadınam, atası da 227 manat əmək haqqı alır. Heç olmasa 2-3 uşağı məktəbə gedənlərə güzəşt edilsin".

Güzəşt isə yoxdur. Ən adi hesablamalar göstərir ki, bir uşağın məktəbə getməsi ailəyə ən azı 150 manata başa gəlir. Təhsil dünyada hər şeydən qiymətlidir, amma Azərbaycanda həm də bahalıdır...

Elnarə
AzNews.az