Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) arasında təmiz enerji təşəbbüsləri müzakirə edilib.
Aznews.az xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf "Facebook" sosial şəbəkəsindəki hesabında yazıb.
"Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının prezidenti Hayashi Nobumitsu ilə görüşümüz zamanı SOCAR ilə JBIC arasında mövcud olan güclü tərəfdaşlığı bir daha təsdiqlədik. Müzakirələrimiz təmiz enerji təşəbbüslərinə, yeni yaranan texnologiyalara, həmçinin enerji keçidini və rəqəmsal transformasiya gündəliyini dəstəkləyən dayanıqlı infrastruktur məsələlərinə həsr olundu.
Eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardıq və ortaq enerji çağırışlarının həllində davamlı dialoqun vacibliyini vurğuladıq. Birgə şəkildə, qlobal enerji təhlükəsizliyinə töhfə verən, daha dayanıqlı gələcəyin formalaşmasına xidmət edən və uzunmüddətli dəyər yaradan təşəbbüslərin irəlilədilməsinə sadiqliyimizi bir daha bəyan etdik", - o qeyd edib.