“20 Yanvar xalqın yaddaşında” - Hüseyn İbrahimov

20 Yanvar 2026 18:40 (UTC+04:00)

AzNews.az analitik-informasiya portalının suallarını sosioloq Hüseyn İbrahimov cavablayır.

-20 Yanvar faciəsi Azərbaycan cəmiyyəti üçün nə ifadə edir?

-20 Yanvar hadisələri Azərbaycan cəmiyyəti üçün müstəqillik ideallarının nə qədər ülvi və əziz olduğunu bir daha göstərdi. Xalq həmin gün canını fəda edərək həm müstəqillik, həm də tarixi torpaqlarının—xüsusilə Qarabağın—erməni və ona yaxın qüvvələrin təsirinə keçməsinə qarşı mövqeyini ortaya qoydu. Həmin dövrdə Sovet rejimi göz yumsada, xalq öz ərazi bütövlüyünü qorumaq və heç vaxt düşmənin təsirinə keçməsini qəbul etməmək əzmini nümayiş etdirdi. Bu faciə həm hüzün, həm də milli qürur günü kimi yadda qaldı.

-Bu faciə milli birlik və həmrəylik anlayışını necə dəyişdi?

-20 Yanvar faciəsi milli birlik və həmrəylik anlayışını əhəmiyyətli dərəcədə gücləndirdi. Sovet dövründə məcburi formada formalaşan birlik anlayışı, hadisədən sonra xalqın milli dövlət ətrafında birləşməsi ilə əvəz olundu. Bu proses göstərdi ki, xalq öz milli birliyini qoruyaraq müstəqil dövlətə keçid proseslərini sürətləndirdi. Həm dövlət strukturlarında, həm cəmiyyətin bütün təbəqələrində, həm də dünya azərbaycanlıları arasında həmrəylik daha da möhkəmləndi.

-Gənc nəslin 20 Yanvar hadisəsinə baxışı əvvəlki nəsillərdən nə ilə fərqlənir?

-Gənc nəsil 20 Yanvar hadisəsini dərin hörmət və həssaslıqla yad edir. Soyuq havada Şəhidlər Xiyabanını ziyarət edən gənclər hadisəni sanki birbaşa iştirakçı kimi yaşayır. Bu, kollektiv yaddaşın və fərdi şüurun birləşməsini göstərir. Hadisənin gənclər tərəfindən belə hiss olunması, indiki nəsilin milli dəyərlərə bağlılığının və hadisənin mənəvi əhəmiyyətini dərk etməsinin göstəricisidir.

-20 Yanvar hadisəsi kollektiv yaddaş anlayışı çərçivəsində necə formalaşıb?

-Hadisənin hər il təkrarlanması və yad edilməsi onun kollektiv yaddaşda möhkəmlənməsinə xidmət edir. Fərdi şüurda geniş yer tutan bu faciə həm kollektiv, həm fərdi ideoloji şüurun bir komponentinə çevrilmiş, xalqın dövlətçilik və ərazi bütövlüyünə sadiqliyini gücləndirmişdir. 20 Yanvar hadisəsi həm tarixi dərs, həm də milli birliyin və davamlılığın simvolu kimi kollektiv şüurun tərkibində möhkəmlənib.

-Bugünkü Azərbaycan cəmiyyəti 20 Yanvardan hansı dərsi götürməlidir?

-Azərbaycan cəmiyyəti 20 Yanvardan müstəqillik, suverenlik, ərazi bütövlüyü və milli birliyin qorunmasının əhəmiyyətini öyrənməlidir. Hər bir vətəndaş, böyükdən kiçiyə qədər, milli dövlətçilik və müstəqillik dəyərlərinin qorunması və müdafiəsi istiqamətində səfərbər olmalıdır. Bu faciə göstərir ki, xalqımızın iradəsi, həmrəyliyi və milli dəyərlərə sadiqliyi onun müstəqilliyini və suverenliyini davamlı şəkildə qorumağa imkan verir.

Rəfiqə Namazəliyeva,

AzNews.az