Prezident İlham Əliyev Trampa Sülh Şurasına təsisçi üzv dövlət qismində dəvətə görə minnətdarlıq edib

21 Yanvar 2026 13:07 (UTC+04:00)

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa məktub ünvanlayıb.

Aznews.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycan Respublikasını dəvət etdiyiniz məktuba görə Sizə minnətdaram.

Bu dəvəti Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarının qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığının, həmçinin Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınmasının rəmzi olaraq qəbul edirəm.

Azərbaycan Respublikası Sülh Şurasına qoşularaq, onun Qəzzadakı münaqişənin sonlandırılması və uzunmüddətli münaqişədən əziyyət çəkən bütün tərəflərə daha təhlükəsiz və rifahlı gələcək qurulması kimi nəcib missiyasını paylaşacaq.

İnanıram ki, Sülh Şurası səmərəli beynəlxalq təşkilat olub, öz missiyasını uğurla yerinə yetirəcək.

Sizin müdrik liderliyinizə və sülh quruculuğu səylərinizə səmimi təqdirimi qəbul edin. Sizə Sülh Şurasının Sədri vəzifənizdə uğurlar arzu edirəm".

AzNews.az