İranlı diplomatdan xəbərdarlıq: “ABŞ-la müharibə ehtimalı danışıqlardan yüksəkdir”

21 Yanvar 2026 16:39 (UTC+04:00)

İranın keçmiş yüksək vəzifəli diplomatlarından biri bildirib ki, ABŞ ilə müharibə riski hazırda danışıqlar ehtimalından daha böyükdür və İran faktiki olaraq danışıqlar üçün mövcud fürsət pəncərəsini itirib.

İran Xarici İşlər Nazirliyində Yaxın Şərq və Şimali Afrika üzrə baş direktor vəzifəsində çalışmış Qasım Məhəbbəli deyib ki, mövcud vəziyyət dialoqdan çox genişmiqyaslı qarşıdurmaya işarə edir.

O, İranın “Eghtesadnews” xəbər saytına müsahibəsində bildirib:

“Hazırkı mərhələdə İran praktiki olaraq danışıqlar imkanını itirib. Müharibə ehtimalı danışıqlardan qat-qat yüksəkdir.”

Məhəbbəli qeyd edib ki, ABŞ İran danışıqlara hazır olduğunu göstərərsə, həll yolunu nəzərdən keçirə biləcəyinə dair siqnallar verib. Lakin Tehran uranın zənginləşdirilməsi, raket proqramı və müttəfiq silahlı qruplarla bağlı mövzular üzrə danışıqları istisna edib.

Onun sözlərinə görə, Vaşinqton hazırda “toplu diplomatiyası” adlandırdığı yanaşmaya keçib və bunu region sularına təyyarədaşıyan gəmilərin göndərilməsi ilə əsaslandırıb.

Məhəbbəli bildirib ki, regional ölkələr müəyyən rol oynaya bilər, lakin həlledici deyillər və onların əsas narahatlığı daha geniş münaqişəyə cəlb olunmaqdır.

O əlavə edib ki, uranın zənginləşdirilməsi, raketlər və regional təhlükəsizlik mövzularında siyasi addımlara və danışıqlara hazır olunduğunu göstərən rəsmi siqnal müharibənin qarşısını almağa hələ də kömək edə bilər.

Mövsüm,

AzNews.az