"Bu məsələyə Cənubi Qafqazda regional əməkdaşlıq məqsədilə yaradılmış “3+3” formatı prizmasından yanaşmaq daha məqsədəuyğundur. Məhz bu təşəbbüs Azərbaycan tərəfindən irəli sürülmüş, Türkiyə tərəfindən isə ilk gündən dəstəklənərək regional müzakirə platformasına çevrilmişdir. "3+3” formatı üç Cənubi Qafqaz ölkəsi — Azərbaycan, Gürcüstan və Ermənistan, eləcə də onların üç əsas qonşusu — Rusiya, Türkiyə və İran arasında əməkdaşlığı nəzərdə tutur. Bu yanaşmaya əsasən, regionda sülh və sabitliyin qorunması ilk növbədə məhz Cənubi Qafqaz ölkələrinin öz məsuliyyətidir. Yalnız bundan sonrakı mərhələdə regional güclərin iştirakı ilə dayanıqlı təhlükəsizlik mexanizmi formalaşa bilər. Bu formatdan kənar təşəbbüslərin isə bölgədə uzunmüddətli sülh və sabitliyə real töhfə vermək imkanları məhduddur".
Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.
Xatırladaq ki, Cənubi Qafqaz regionu strateji əhəmiyyətə malikdir və burada Rusiya, İran, Türkiyə və Avropa dövlətlərinin maraqları toqquşur. Ermənistan-Azərbaycan münasibətləri, xüsusilə Qarabağ sonrası dövrdə, bölgədə siyasi balansı müəyyən edir. Eyni zamanda, Hindistan-Ermənistan hərbi əməkdaşlığı və digər regional güclərin mövqeləri Qafqazda təhlükəsizlik və iqtisadi inteqrasiya məsələlərini gündəmə gətirir. Bu kontekst, Azərbaycanın diplomatik manevrlərini və regional əməkdaşlıq strategiyasını xüsusilə önəmli edir.
Siyasi şərhçi qeyd edib ki, bu kontekstdə Hindistanın Cənubi Qafqaz üçün geosiyasi baxımdan yad aktor olduğu xüsusilə vurğulanmalıdır.
"Yeni Dehlinin regionda nə siyasi, nə hərbi, nə də təhlükəsizlik baxımından real təsir imkanları mövcuddur. Bu səbəbdən Ermənistanın Hindistanla əməkdaşlıq çərçivəsində atdığı addımlar strateji baxımdan məqsədəuyğun hesab edilmir. Belə əməkdaşlıq təkcə Ermənistan üçün deyil, bütövlükdə region üçün də müsbət nəticələr vəd etmir. Əksinə, bu cür yanaşma Cənubi Qafqazda formalaşmaqda olan regional balansı zəiflədə və əlavə gərginlik mənbələri yarada bilər. Bu baxımdan Ermənistan Hindistanla əməkdaşlıq məsələsinə daha praqmatik yanaşmalı, onun ölkənin milli maraqlarına və regional sabitliyə hansı real fayda verəcəyini ciddi şəkildə təhlil etməlidir. Dərin analiz göstərir ki, bu əməkdaşlığın praktiki əhəmiyyəti son dərəcə aşağıdır və Cənubi Qafqazda nə təhlükəsizlik balansına, nə də regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verə bilər. Nəticə etibarilə, Hindistan faktoru regionda sabitliyi gücləndirmək əvəzinə, yalnız əlavə risklər və xoşagəlməz situasiyalar yarada bilər. Məhz buna görə də Ermənistanın uzunmüddətli regional maraqlar baxımından bu istiqaməti yenidən nəzərdən keçirməsi daha rasional seçim kimi qiymətləndirilir".
Rəfiqə Namazəliyeva,
AzNews.az