NATO Baş Qərargah Rəisləri görüşüb! Gündəmdə Ukrayna var

22 Yanvar 2026 13:17 (UTC+04:00)

NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqonenin rəhbərliyi ilə keçirilən NATO Baş Qərargah Rəislərinin toplantısı ikinci günündə davam edir.

Müttəfiq ölkələrin baş qərargah rəisləri ilk olaraq NATO–Ukrayna Şurası formatında görüş keçirib. Görüşlərdə Ukraynadakı son hərbi vəziyyət, Rusiyanın son addımları və Kiyev rəhbərliyinin mövcud ehtiyacları müzakirə olunacaq.

İclasda həmçinin NATO müttəfiqlərinin Ukraynaya verdiyi silah və sursat dəstəyi, hava hücumundan müdafiə sistemləri, hərbi təlim proqramları və logistika yardımlarının koordinasiyası qiymətləndiriləcək.

Görüşdə Ukrayna ordusunun imkanlarının artırılması, NATO standartlarına uyğunlaşma prosesi və uzunmüddətli təhlükəsizlik öhdəlikləri də gündəmdə olacaq.

İkinci sessiyada Avstraliya, Yaponiya, Cənubi Koreya və Yeni Zelandiyadan ibarət Asiya–Sakit Okean tərəfdaşları ilə münasibətlərin mövcud vəziyyəti nəzərdən keçiriləcək. Toplantı Gürcüstandakı son hadisələrin müzakirə ediləcəyi iclasla yekunlaşacaq.

Mövsüm,

AzNews.az