Azərbaycanda sıravi fermerlər və sahibkarlar üçün torpaq icarəsi prosedurları əsaslı şəkildə sadələşdirilməlidir.
Aznews.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Razi Nurullayev bildirib.
Onun sözlərinə görə, xüsusilə gənc fermerlər torpaq əldə edərkən həddindən artıq bürokratik maneələrlə üzləşirlər, bu da onların biznesə marağını azaldır: "Torpaqdan istifadə sadə, şəffaf və uzunmüddətli təminatla tənzimlənməlidir".
Bundan başqa, deputat deyib ki, fermerlərin uzunmüddətli və aşağı faizli kredit alması üçün lazımi mexanizmlər qanunvericilikdə öz əksini tapmalıdır: "Kənd təsərrüfatı mövsümi və riskli sahə olduğu üçün qısamüddətli və yüksək faizli kreditlər effektiv deyil. Sahibkarın sabahına əmin olması üçün bu məsələnin qanunvericilik səviyyəsində həlli mütləqdir. Həmçinin sığorta sisteminin sadələşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. İqlim dəyişiklikləri və təbii fəlakətlər fermerin fəaliyyətini qısa müddətdə məhv edə bilər. Sığorta mexanizmi mürəkkəbdirsə, sənədləşmə ağırdırsa və real kompensasiya təmin etmirsə, fermer bu sahəyə etibar etməyəcək. Aqrar sığorta modeli həm sadə, həm sürətli, həm də real qoruyucu rolunu oynamalıdır".
Həmçinin, onun sözlərinə görə, kənd yerlərində fəaliyyət göstərən emal müəssisələrinə vergi və sosial güzəştlərin artırılması qanunvericilikdə stimullaşdırıcı rol kimi qeyd edilməlidir: "Məhsul yalnız yetişdirilməməli, həm də yerində emal edilərək əlavə dəyər yaratmalıdır. Bu yanaşma kəndlərdə yeni iş yerlərinin açılmasına, şəhərlərə olan miqrasiyanın qarşısının alınmasına kömək edə bilər. Sənaye zonaları hər kənd sakini üçün əlçatan deyil, lakin güzəştlər bütün kəndləri əhatə edərsə, kiçik investisiyalı (20-30 min manatlıq) müəssisələrin sayı kütləvi şəkildə arta bilər".