“Azərbaycan etibarlı iqtisadi tərəfdaş kimi nüfuzunu gücləndirir” – Pərvanə Vəliyeva

22 Yanvar 2026 20:01 (UTC+04:00)

"Dünya İqtisadi Forumunun (Davos Forumu) 2026-cı il üzrə qlobal risk hesabatı yayılıb. Hesabat sorğu əsasında hazırlanıb. Dünyanın 116 ölkəsindən olan 11 000-dən çox ekspertin rəyi öyrənilib. Növbəti iki il üçün qlobal miqyasda ən böyük risk geoiqtisadi qarşıdurma hesab olunur. İkinci yerdə dezinformasiyalar, üçüncü yerdə isə cəmiyyətlərin qütbləşməsi dayanır. Növbəti iki il üçün dünyanı “turbulent” dövr gözləyir. Böyük güclər arasında ticarət müharibələrinin daha da şiddətlənəcəyi istisna edilmir. Hesabatın nəticələrinə görə, ölkəmiz üçün ən böyük risk kibertəhlükəsizlik sahəsi olacaq. Prezident İlham Əliyevin Davos gündəliyi milli maraqlarımızı və dəyişən dünya nizamında mövqeyimizi aydın və optimistik ruhda çatdırdı. Biz regionumuzda yeni reallıq yaratmışıq və bu reallığı ardıcıl şəkildə irəlilədirik. Bununla yanaşı, qonşularımızla normal münasibətlərimiz mövcuddur və biz sərhədlərimizdə, eləcə də coğrafi baxımdan bizə yaxın regionlarda sabitliyin təmin olunmasında maraqlıyıq. Forum çərçivəsində Dövlət Başçımız “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında çıxış edib. Dövlət Başçısı Azərbaycanın mövqeyi, sülh prosesində hazırkı irəliləyişlər və ölkənin gələcək vizyonu barədə geniş məlumat verib".

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Qeyd edək ki, qlobal geosiyasi gərginliklərin və regional münaqişələrin iqtisadi və təhlükəsizlik müstəvisinə birbaşa təsir göstərdiyi bir dövrdə Davos İqtisadi Forumunda səsləndirilən mesajlar xüsusi diqqətlə izlənilir. Postmünaqişə reallıqları, regional əməkdaşlıq imkanları və revanşist yanaşmalar fonunda formalaşan yeni balansın nə dərəcədə davamlı olması məsələsi Davos müzakirələrinin əsas mövzularından biri kimi ön plana çıxır.

Deputat bildirib ki, paraflanmış sülh sazişinin praktiki nəticələri diqqətə çatdırılıb.

"Normallaşma prosesi çərçivəsində görülən işlərdən bəhs edilib. Xüsusilə iqtisadi əlaqələr kontekstində Zəngəzur dəhlizi regional transformasiyanın strateji elementi olaraq qalır. İstismara verildikdən sonra bu dəhliz Şərq–Qərb marşrutları boyunca yeni logistika imkanları yaradacaq, Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz daxilində strateji alternativ rolunu oynayacaq və Avrasiya məkanında yüklərin daha sürətli və səmərəli daşınmasını təmin edəcək. Tranzit ölkələr kimi həm Azərbaycan, həm də Ermənistan bu prosesdən əhəmiyyətli dərəcədə fayda əldə edə biləcək. Daha geniş normallaşmanın nəticəsi olaraq infrastruktur sərmayələri, tranzit enerji dəhlizləri, rəqəmsal bağlantılar, dəmir yolu və avtomobil yollarının inteqrasiyası kimi sahələrdə də layihələrin icrası mümkün ola bilər. Bu gün dünyada baş verən geosiyasi tektonik dəyişikliklər investorların sabitlik mövcud olan ölkələrə marağını artırır. Belə ölkələr investisiya baxımından daha əlverişli hesab olunur. Davos Forumunda cənab Prezident İlham Əliyevlə xarici şirkətlər, banklar və investisiya təşkilatlarının görüşlərə xüsusi maraq göstərməsi də bunun əyani sübutudur. Ümumilikdə, Azərbaycanın bu günkü siyasi mövqeyi və apardığı unikal xarici siyasət onun etibarlı iqtisadi tərəfdaş kimi nüfuzunu daha da gücləndirir".

Rəfiqə Namazəliyeva,

AzNews.az