“Trampın addımları qlobal sabitliyi sarsıdır” – Əli Mustafayev

22 Yanvar 2026 20:21 (UTC+04:00)

"Trampın son fəaliyyətləri dünyanın müxtəlif bölgələrində narazılıq yaratmaqla sabitliyi pozur. ABŞ və Avropa İttifaqı arasında da münasibətlərdə müəyyən gərginlik müşahidə olunur, lakin İsveçrədə keçirilən görüş öncəsi Avropa İttifaqının narahatlığı xüsusilə yüksək idi. NATO Baş katibi isə görüş zamanı Trampı dəstəklədiyini və onun doğru addımlar atdığını vurğulayıb, Tramp sayəsində NATO-nun gücləndiyini qeyd edib. O, həmçinin ABŞ-nin NATO xərclərinin əsas hissəsini ödədiyini xatırladıb və bildirib ki, indi Avropa İttifaqı üzvləri də ödənişlərini artırıblar”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.

Xatırladaq ki, transatlantik münasibətlərdə gərginlik yenidən artmaqdadır. ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı iddiaları və Avropa ölkələrinə tarif hədələri Vaşinqton-Brüssel münasibətlərində narahatlıq yaradıb. Bu addımlar həm ABŞ-Aİ arasında strateji etimadın zəifləməsi fonunda, həm də NATO daxilində birliyin gələcəyi ilə bağlı sualları aktuallaşdırır.

Siyasi şərhçi bildirib ki, Tramp görüşdən sonra Qrenlandiya ilə bağlı Dənimarka və ABŞ arasında razılaşmanın əldə olunduğunu açıqlayıb və Avropa ölkələrinə tətbiq etdiyi 10%-lik tariflərin fevralın 1-dən ləğv ediləcəyini vurğulayıb.

"NATO Baş katibi də bu razılaşmanı xüsusi tərifləyib və onun birgə müdafiə məsələlərində ABŞ liderliyini möhkəmləndirəcəyini vurğulayıb. Təfərrüatlar hələ dəqiqləşməsə də, razılaşmanın bütün tərəfləri qane edəcəyi qeyd olunur və bu addımın NATO-nun davamlılığına müsbət təsir göstərə biləcəyi ehtimal edilir".

Rəfiqə Namazəliyeva,

AzNews.az