"ABŞ-nin siyasi sistemində hakimiyyətin hansı partiyanın əlində cəmləşməsindən asılı olmayaraq, dövlətin xarici siyasət kursu dəyişməz qalır. Respublikaçı və Demokrat administrasiyalar fərqli ritorika nümayiş etdirsələr də, strateji baxımdan eyni qlobal hədəflərə xidmət edirlər. Bu kontekstdə Donald Trampın prezidentliyi dövründə həyata keçirilən addımlar da fərdi siyasi yanaşmadan çox, Vaşinqtonun uzunmüddətli geosiyasi doktrinasının davamı kimi qiymətləndirilməlidir. ABŞ-nin əsas strateji məqsədi beynəlxalq münasibətlər sistemində vahid güc mərkəzinin formalaşdırılması və bu strukturun tam nəzarətdə saxlanılmasıdır. Məhz bu səbəbdən son onilliklər ərzində qlobal miqyasda qeyri-sabitliyin artması, regional münaqişələrin dərinləşməsi və hərbi qarşıdurmaların genişlənməsi təsadüfi proseslər deyil. Yaranmış xaos mühiti Amerika strategiyasının tətbiqi üçün əlverişli zəmin rolunu oynayır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Xatırladaq ki, son dövrlərdə beynəlxalq münasibətlər sistemində baş verən proseslər ABŞ-nin qlobal strategiyasını yenidən gündəmə gətirib. Xüsusilə Arktika bölgəsində artan geosiyasi rəqabət Vaşinqtonun maraq dairəsini genişləndirir. Bu kontekstdə Qrenlandiya həm təbii resurslar, həm də strateji mövqeyi baxımından böyük güclər arasında mübarizənin əsas hədəflərindən birinə çevrilib.
Siyasi şərhçi bildirib ki, hazırkı mərhələdə ABŞ-nin əsas diqqət yönəltdiyi bölgələrdən biri Qrenlandiyadır.
"Məsələ yalnız iqtisadi maraqlarla məhdudlaşmır. Bu ərazi Arktik zonada yerləşməsi, təbii ehtiyatlara çıxış imkanları və geosiyasi mövqeyi baxımından qlobal güclər arasında rəqabətin əsas nöqtələrindən birinə çevrilib. Qrenlandiya üzərində nəzarət ABŞ-a həm enerji resursları uğrunda mübarizədə üstünlük qazandırır, həm də Arktikada strateji mövqelərini möhkəmləndirməyə imkan verir. Donald Trampın prezidentliyinin ilk dövrlərindən etibarən bu istiqamətdə verdiyi açıqlamalar Vaşinqtonun niyyətlərinin açıq göstəricisi kimi dəyərləndirilir. Onun Qrenlandiya ilə bağlı mövqeyi təkcə regional maraqlara deyil, Avropa üzərində təsir imkanlarının genişləndirilməsinə də hesablanıb. Bu yanaşma NATO daxilində ciddi fikir ayrılıqları yaradıb və Avropa İttifaqı ilə ABŞ arasında strateji etimadın zəifləməsinə səbəb olub. Tramp administrasiyasının əsas hədəflərindən biri Avropa daxilində siyasi parçalanmanı dərinləşdirməkdir. Vaşinqton Avropa İttifaqının vahid güc mərkəzi kimi formalaşmasını uzunmüddətli perspektivdə təhlükə amili kimi qiymətləndirir. Bu səbəbdən Avropa ilə Rusiya, eləcə də Avropa ilə Çin arasında qarşıdurmaların artması ABŞ-nin maraqlarına uyğun ssenari hesab olunur. Amerika strateji konsepsiyasında qlobal rəqabət üç əsas istiqamətdə cəmləşir. Rusiya hərbi potensialına görə əsas risk mənbəyi sayılır. Çin sürətlə böyüyən iqtisadi gücü ilə beynəlxalq bazarlarda dominantlığa iddia edir. Avropa isə vahid valyuta sistemi və maliyyə resursları ilə ABŞ-nin iqtisadi üstünlüyünə alternativ yaradır. Vaşinqtonun xarici siyasət xətti məhz bu üç güc mərkəzinin zəiflədilməsinə yönəlib. Bu strategiyanın praktik nümunələrindən biri Ukrayna ətrafında davam edən münaqişədir. Qarşıdurma təkcə regional problem deyil, eyni zamanda Rusiyanın hərbi imkanlarını tükətməyə hesablanmış geosiyasi mexanizmdir. Müharibənin sürətli şəkildə başa çatmaması da bu baxımdan məqsədli yanaşma kimi qiymətləndirilir. Prosesin mərhələli şəkildə uzadılması Avropa ilə Rusiya arasında qarşılıqlı etimadsızlığı dərinləşdirir və təhlükəsizlik balansını pozur. Nəticə etibarilə, ABŞ-nin əsas planlarından biri Avropa təhlükəsizlik arxitekturasında davamlı gərginlik yaratmaq və NATO ilə Rusiya arasında qarşıdurma riskini daim aktual saxlamaqdır. Bu yanaşma Vaşinqtona həm qlobal liderliyini qorumaq, həm də dünya siyasi sistemində nəzarət imkanlarını uzun müddət əlində saxlamaq imkanı verir".
Rəfiqə Namazəliyeva,
AzNews.az