Eldar Namazov Rüstəm İbrahimbəyovla “soyuq savaşa” başladı

16 Sentyabr 2013 08:22 (UTC+04:00)

Bu gün saat 17:00-da "El" Hərəkatının toplantısı keçiriləcək.

Bu barədə AzNews.az-a "El" Hərəkatından məlumat daxil olub.

Məlumata görə, iclasda "El"in İdarə Heyətinin üzvləri iştirak edəcək.

Toplantıda "El" hərəkatının sədri Eldar Namazovun Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli ilə baş tutan London səfərinin təfərrüatları və Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun son günlər mətbuata verdiyi müsahibəsində müxalifət, MŞ və özünün gələcək siyasi perspektivi ilə bağlı dediyi fikirlər müzakirəyə çıxarılacaq.

AzNews.az-ın əldə etdiyi məlumata görə, son zamanlarda R.İbrahimbəyovla E.Namazov arasında yaşanan soyuqluq MŞ sədrinin qurumdakı ən güclü müttəfiqi olan "El" Hərəkatı rəhbərliyinin də arasını açıb.

Belə ki, daxil olan məlumatlara görə, R.İbrahimbəyovun Londona səfər etməməsinin və bunun ardınca C.Həsənli ilə ayrıca görüşmək üçün Tiflisə gəlməsinin ardında da İngiltərə paytaxtında E.Namazovla üz-üzə gəlməmək arsuzu dayanırmış.

Bildirilir ki, R.İbrahimbəyovla E.Namazovun arasının açılmasına ikilinin münasibətlərindəki maliyyə məsələləri təsir edib. Məsələnin təfərrüatları ilə bağlı məlumatlı olsaq da, hələ ki, bu barədə daha geniş yazmağı təxirə salırıq.

Elnur
AzNews.az