"Müasir dünyada xarici dil bilikləri artıq təkcə akademik üstünlük deyil, sosial və peşəkar inteqrasiyanın əsas şərtinə çevrilib. Qlobal əmək bazarında rəqabət aparmaq, beynəlxalq mühitə uyğunlaşmaq və peşəkar inkişaf imkanlarını genişləndirmək üçün dil biliyi zəruri bacarıqlardan biridir. Təhsil sistemimizin bu sahədə verdiyi praktiki nəticələr isə göz önündədir. Əgər real problemlər olmasaydı, bu mövzu bu qədər geniş müzakirəyə çıxarılmazdı. Məsələ şagirdlərin öyrənmək istəməməsi və ya öyrənə bilməməsi ilə bağlı deyil. Əsas problem tədris modelinin, eləcə də qiymətləndirmə və ölçmə meyarlarının düzgün qurulmamasıdır. Hazırda bir çox məktəbdə xarici dil dərsləri əsasən qrammatika izahı, yazılı tapşırıqlar və test sistemi üzərində qurulub".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Sona Əliyeva deyib.
Qeyd edək ki, xarici dil bilikləri müasir dünyada təkcə akademik üstünlük deyil, eyni zamanda sosial, peşəkar və mədəni inteqrasiyanın əsas şərtlərindən biri kimi qiymətləndirilir. Buna baxmayaraq, bir çox hallarda məktəbi bitirən məzunların illərlə xarici dil təhsili almasına rəğmən, dili real ünsiyyət səviyyəsində istifadə etməkdə və effektiv kommunikasiya qurmaqda çətinlik çəkməsi müşahidə olunur. Belə ki, ənənəvi dil tədrisi modellərində əsas diqqət qrammatika qaydalarının izahına və yazılı tapşırıqların icrasına yönəldilir. Halbuki dilin əsas funksiyası ünsiyyət qurmaqdır. Danışıq və dinləmə bacarıqları isə əksər hallarda ikinci plana keçirilir.
Ekspert bildirib ki, bu model şagirdə yalnız qrammatik qaydaları öyrədir, lakin dili real ünsiyyət vasitəsi kimi formalaşdırmaqda effektiv deyil.
"Nəticədə şagird cümlə qurmağı deyil, test doldurmağı öyrənir. Halbuki dilin əsas məqsədi yazılı tapşırıq yerinə yetirmək yox, danışmaq, dinləmək, başa düşmək və ünsiyyət qurmaq bacarığı əldə etməkdir. Sinif otaqlarımızda hələ də xarici dildə real ünsiyyət mühiti formalaşmayıb. Uşaqlar kifayət qədər dinləmir və danışmır, danışmağa cəhd etdikdə isə səhv etmək qorxusu ilə üzləşirlər. Müəllimlərin böyük hissəsi dərs vaxtını qayda izahına sərf edir, ünsiyyətə əsaslanan fəaliyyətlərə isə yer ayırmır. Bunun səbəblərindən biri də bəzi hallarda müəllimlərin özlərinin praktik dil bacarıqlarının yetərli olmamasıdır. Qiymətləndirmə mexanizmi də problemin əsas hissəsidir. Danışıq və anlama bacarıqları deyil, kağız üzərində verilən cavablar ölçülür. Nəticədə şagird dil fənnindən yüksək qiymət ala bilir, lakin real dil bacarıqlarına malik olmur. Dünyada uğurlu təhsil modelləri bu yanaşmanı artıq illər öncə dəyişib. Finlandiya və Estoniya kimi ölkələrdə dil dərsi “qrammatika dərsi” deyil, “ünsiyyət dərsi” kimi qurulur. Şagirdlər danışır, müzakirə aparır, təqdimatlar edir və dili real situasiyalarda tətbiq edirlər. Biz isə hələ də köhnə və səmərəsiz sxem daxilində fəaliyyət göstəririk. Əgər real nəticə əldə etmək istəyiriksə, xarici dil tədrisinin forması köklü şəkildə dəyişdirilməli, hətta yenidən qurulmalıdır. İlk növbədə müəllimlərin müvafiq dil üzrə praktik ünsiyyət bacarıqları inkişaf etdirilməlidir ki, tədris prosesi danışıq və anlama bacarıqları üzərində qurula bilsin. Bunun üçün ayrıca praktik ünsiyyət metodikası hazırlanmalı və tətbiq olunmalıdır. Bu gün dil qlobal və sərhədsiz dünyada əsas naviqator rolunu oynayır. Dil bilmədən peşəkar inkişaf etmək, beynəlxalq imkanlardan yararlanmaq və daha yüksək gəlir əldə etmək demək olar ki, mümkün deyil. Təəssüf ki, həm şagirdlər, həm də gənclər dil bacarıqlarını əsas təhsil sistemindən kənarda — kurslarda və fərdi müəllimlərin yanında inkişaf etdirməyə məcbur qalırlar. Bu vəziyyətin özü ciddi suallar doğurur:
Niyə məktəb dil öyrətmir?
Problemin kökü haradadır və bu sistem niyə real nəticə vermir?".
Rəfiqə Namazəliyeva,
AzNews.az