“Paşinyan siyasi imicini gücləndirməyə çalışır” – Rəşad Bayramov

23 Yanvar 2026 19:12 (UTC+04:00)

"Ermənistanın baş naziri Nikol Paşinyanın Donald Trampın təşəbbüsü ilə yaradılan “Gaza Peace Council”ə qoşulması Cənubi Qafqazda postmünaqişə mərhələsi və yeni reallıqlar fonunda diqqət çəkən addımdır. Düşünürəm ki, bu qərar bir neçə geosiyasi və daxili-milli zərurətdən irəli gəlir. Əvvəla, Ermənistan üçün regiondan kənar platformalarda fəallaşmaq diplomatik manevr imkanlarını genişləndirmək baxımından önəmlidir. Paşinyan üçün “Gaza Peace Council” kimi beynəlxalq təşəbbüslərə qoşulmaq Ermənistanın mövqeyini yalnız regionla məhdudlaşdırmamaq və Qərb, xüsusilə ABŞ daxil olmaqla qlobal aktorlarla əlaqələri gücləndirmək üçün bir strategiya hesab oluna bilər. Bu, həm də Ermənistanın həm regional, həm də qlobal aktorlarla münasibətləri qoruyaraq strateji üstünlüklər əldə etmək niyyətini ortaya qoyur. İkincisi, bu addım Ermənistanın daxili legitimliyi və siyasi imici üçün də əhəmiyyətlidir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Xatırladaq ki, Cənubi Qafqazda postmünaqişə mərhələsinin hələ tam formalaşmadığı bir dövrdə regiondaxili və regiondan kənar aktorların təşəbbüsləri diqqətlə izlənir. Ermənistanın baş naziri Nikol Paşinyanın Donald Trampın təşəbbüsü ilə yaradılan “Gaza Peace Council”ə qoşulması bölgədə yeni siyasi-diplomatik dinamikanın formalaşdığını göstərir. Bu addımın regional sülh prosesinə, eləcə də böyük güclərin Cənubi Qafqazdakı diplomatik yanaşmalarına hansı istiqamətdə təsir göstərəcəyi əsas müzakirə mövzularından biridir.

Siyasi şərhçi bildirib ki, Paşinyan postmünaqişə dövründə Ermənistanın diplomatik fəallığını ön plana çıxarmaq və ölkəsinin regionda yalnız passiv mövqe tutmadığını nümayiş etdirmək niyyətindədir.

"Bu, həmçinin xarici investorlar və diplomatik tərəfdaşlar qarşısında Ermənistanın aktiv tərəf kimi görünməsinə xidmət edir. Bununla belə, regiondaxili sülh prosesinə təsir məsələsi daha mürəkkəbdir. Bir tərəfdən, Ermənistanın qlobal platformalarda fəallaşması və beynəlxalq təşəbbüslərə qoşulması Azərbaycanla sülh danışıqlarında diplomatik çevikliyi artırmaq potensialına malikdir. Çünki belə iştirak Ermənistanın regiondakı məsuliyyətini və qlobal dəstək axtarışını nümayiş etdirir, nəticədə sülh prosesinə daha geniş beynəlxalq diqqət yönəlir. Digər tərəfdən isə regiondan kənar platformalarda fəallığın sülh prosesini ləngitmə riski də mövcuddur. Əgər Ermənistan qlobal təşəbbüslərə fokuslanaraq Azərbaycanla birbaşa danışıqları geri plana keçirirsə, bu, sülh müqaviləsinin imzalanmasını gecikdirə və etimadın formalaşmasını çətinləşdirə bilər. Həmçinin xarici aktorların maraqları və prioritetləri regiondakı real dinamikaya uyğun gəlməyə bilər ki, bu da prosesdə əlavə gərginlik yarada bilər. Amma bir tərəfdən sülh prosesi ilə bağlı götürülmüş öhdəliklər, digər tərəfdən isə Sülh Şurasının əsas hərəkətverici qüvvəsi olan ABŞ Prezidenti Trampın Cənubi Qafqazda sülh istəyi və eləcə də Azərbaycanla real sülhün Ermənistan üçün faydaları nəzərə alınarsa, demək olar ki, Paşinyan hakimiyyəti məhz birinci yolu — yəni Azərbaycanla sülh istiqamətində daha çevik qərarlar qəbul edərək sülh prosesini sürətləndirmə yolunu tutacaq. Çünki Ermənistanın regiondan kənar fəallığı hər nə qədər diplomatik imkanları genişləndirsə də, Cənubi Qafqazda davamlı sülh üçün əsas açar bilavasitə Azərbaycanla effektiv və qarşılıqlı etimada əsaslanan dialoqdan keçir. Odur ki, Ermənistanın “Gaza Peace Council”ə qoşulması yalnız əlavə strateji vasitə olaraq regional sabitliyi gücləndirmək məqsədinə xidmət etməlidir".

Rəfiqə Namazəliyeva,

AzNews.az