“Qərb İranın dini hakimiyyətini hədəfə alıb” – Şəhla Cəlilzadə

23 Yanvar 2026 19:39 (UTC+04:00)

"Qərb artıq İranda dini hakimiyyətin dəyişdirilməsində qərarlıdır. Buna gətirib çıxaran amillərdən birincisi, İranın “müqavimət oxu” strategiyası çərçivəsində Yaxın Şərqdə yaratdığı proksi güclərdir və ən son Həmas-İsrail müharibəsi kontekstindən də göründüyü kimi, bu proksi güclərin real təhlükəsidir. İkincisi isə uran zənginləşdirməsini nüvə silahı hazırlama həddinə çatdırması və bu istiqamətdə fəaliyyətinin Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən real izlənməsinə şərait yaratmamasıdır. Təxminlərə görə, İran 10 nüvə başlığı hazırlaya biləcək qədər uran zənginləşdirib və ABŞ bu qədər zənginləşdirilmiş uranın konfiskasiyasını tələb edir. İran isə bu iki məsələyə, o cümlədən uzaqmənzilli ballistik raket istehsalına dair tələbləri yerinə yetirməyə razı deyil. Odur ki, Qərb İranın qarşısının alınması üçün növbəti təzyiq fazasına keçib – ötən ilin iyununda 12 günlük müharibə, sentyabrda beynəlxalq sanksiyaların bərpası ilə İranda iqtisadi vəziyyətin böhran həddinə çatdırılması, dekabrda başlanan kütləvi etirazların dəstəklənməsi, İranın dini hakimiyyətinə alternativlərin hazırlanması və hazırkı böhran şəraitində təqdim olunması, və son olaraq, ABŞ-nin hərbi qüvvələrinin İran ətrafında dislokasiyası".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Qeyd edək ki, ABŞ-nin mümkün hücumlarına qarşı İranın Çin və Rusiyadan dəstək aldığı ehtimal olunur. Məlumatlara görə, Rusiyadan ağır yük daşıyan hərbi təyyarələr vasitəsilə İran aerodromlarına silah və hərbi avadanlıqlar çatdırılır. Digər tərəfdən, Çin İrana ballistik raketlər üçün bərk yanacaq təmin edir ki, bu da raketlərin daha uzunmüddətli, dayanıqlı və dağıdıcı olmasına şərait yaradır.

Siyasi şərhçi qeyd edib ki, Şərqi Çin dənizində və Sakit okeanın qərbində yerləşən hərbi bazalardan ABŞ-nin hərbi gəmiləri, qırıcı təyyarələri, logistik və yanacaq doldurma təyyarələri kimi avadanlıqları göndərilib.

"Körfəz ərazisinə yönləndirilib və qarşıdakı bir həftə ərzində onların İranı hədəf alaraq strateji nöqtələrdə mənzillənəcəyi bildirilir. Birbaşa hədəf altında olan İranın hansı mövqe sərgiləyəcəyi, hansı addımlar atacağı maraqlıdır. ABŞ Prezidenti hələ ki, qəti qərarla müharibə olacağını bildirməyərək gözləmə mövqeyi seçsə də, görünən odur ki, hər iki tərəf müharibəyə hazırlaşır. İranın indiyədək Rusiya və Çindən siyasi dəstək aldığını müşahidə etmişik. Bu, ən son sanksiyaların bərpası məsələsində də özünü göstərmişdi. İndi isə hərbi dəstəyin təmin olunduğu iddia olunur. Müharibənin başlanması üçün ABŞ-nin Yaxın Şərqdəki müttəfiqlərinin, o cümlədən Səudiyyə Ərəbistanı və İordaniyanın razılığı alınmalıdır, çünki ABŞ hərbi bazaları burada yerləşir. Lakin bu məsələdə hələ də dəqiqlik yoxdur. Eyni zamanda, Körfəz ölkələrinin ABŞ-a İrana qarşı hərbi müdaxiləni təxirə salmaq üçün müraciət etdikləri məlumdur. Səudiyyə və İran 2023-cü ildə Çinin vasitəçiliyi ilə barışmış, aralarındakı böhranlı vəziyyətə son qoyulmuşdu. Göründüyü kimi, Çin Yaxın Şərqdə ABŞ maraqlarına qarşı yönələn regional geosiyasi vəziyyət yaratmaqda maraqlıdır. Bu, Çinin qlobal miqyasda ABŞ-la maraq toqquşmasının regional yansıması olaraq qiymətləndirilə bilər. Lakin aktiv müharibə şəraitində, 12 günlük müharibədən də göründüyü kimi, Rusiya və Çinin İrana açıq hərbi dəstəyi və ABŞ-a qarşı hərbi təzyiqi olmadı. Odur ki, ABŞ İranla yeni müharibəyə başlayarsa, bu, Rusiya və Çinin birbaşa hərbi müdaxiləsinə yol açmasa da (ABŞ-nin da Ukraynada Rusiyaya qarşı birbaşa hərbi iştirakı yoxdur), sözsüz ki, İran üçün və region üçün böyük fəlakətlərə gətirib çıxaracaq. Qlobal qarşıdurma İran coğrafiyasında baş tuta bilər. Lakin İranın proksi gücləri də regionu destabilizə edə bilər. Bu fonda, İsrailin Livanda Hizbullahı silahsızlandırmaq üçün hakimiyyətə təzyiqləri qeyd oluna bilər. Yəni, arxa fonda da iş gedir. Nəticə olaraq, müharibə baş tutarsa, ya İranın dini rejimi devriləcək, ya da region ölkələri müharibənin dayandırılmasını tələb edəcəkləri üçün dini rejim hakimiyyətini qoruyaraq daha da sərt qapanmalara gedəcək. İstənilən halda, İran hakimiyyətinin davamlılığı hazırkı böhrana diplomatik cavab reaksiyalarından böyük ölçüdə asılıdır".

Rəfiqə Namazəliyeva,

AzNews.az