"Ermənistanda 2026-cı ilin iyununa təyin olunmuş parlament seçkiləri ərəfəsində siyasi mühitin kəskin şəkildə gərginləşməsi, ilk növbədə, ölkə müxalifətinin və revanşist dairələrin rasionallıqdan uzaq, dağıdıcı fəaliyyəti ilə əlaqədardır. Erməni politoloqların vəziyyətin daha da pisləşəcəyi barədə qənaətləri, əslində, bu qüvvələrin cəmiyyəti süni şəkildə qütbləşdirməsi və dövlət maraqlarını öz şəxsi ambisiyalarına qurban verməsi faktına söykənir. Uzun illərdir Ermənistanı dalana sürükləyən "köhnə qvardiya" və onların təsiri altında olan radikal qruplar, xalqın emosiyalarını istismar edərək ölkəni keçmişin uğursuz və qanlı ssenarilərinə qaytarmağa çalışırlar. Bu revanşistlərin təklif etdiyi hər hansı bir real inkişaf planı yoxdur; onların bütün fəaliyyəti nifrət ritorikası və utopik xülyalar üzərində qurulub ki, bu da Ermənistanın regional təcriddən çıxmaq və normal dövlət kimi inkişaf etmək şanslarını hər gün bir az daha azaldır".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
Xatırladaq ki, Ermənistanda yaxınlaşan parlament seçkiləri və ölkənin siyasi mənzərəsində baş verən dəyişikliklər fonunda vəziyyətin tədricən gərginləşəcəyi proqnozlaşdırılır. Erməni politoloqların fikrincə, hakimiyyətin siyasi rəqiblərlə mübarizəni sərtləşdirməsi daxili siyasi qarşıdurmaların daha da dərinləşməsinə səbəb ola bilər.
Siyasi şərhçi bildirib ki, müxalifətin dini qurumları siyasi alətə çevirməsi, kilsə xadimlərini küçə etirazlarına cəlb etməklə teokratik meylləri gücləndirməsi onların ideoloji baxımdan tam iflasa uğradığını nümayiş etdirir.
"Erməni politoloqların yeni siyasi partiyaların meydana çıxma ehtimalından bəhs etməsi isə xalqın mövcud radikal müxalifətdən tamamilə məyus olmasının göstəricisidir. Lakin görünən odur ki, yeni formalaşan qüvvələrin əksəriyyəti də eyni revanşist mərkəzlərin kölgəsindədir və onların "yeni sifət" kimi təqdim olunması sadəcə seçiciləri aldatmağa yönəlmiş bir manipulyasiyadır. Müxalifət düşərgəsində hakimiyyətə real rəqib ola biləcək, ölkəni sülh və tərəqqi yoluna çıxaracaq sağlam bir siyasi platformanın formalaşmaması Ermənistanın daxili siyasi mənzərəsinin ən zəif bəndidir. Bu qüvvələr mövcud hakimiyyətlə deyil, əslində Ermənistanın gələcəyi ilə mübarizə aparırlar. Dağıdıcı ritorika və populist vədlərlə xalqı meydanlara tökən müxalifət liderləri dövlət institutlarını zəiflədərək ölkə daxilində xaos mühiti yaratmaqla öz siyasi ömürlərini uzatmağa çalışırlar. Onların regional sülh təşəbbüslərinə qarşı nümayiş etdirdiyi aqressiv mövqe, Ermənistanın iqtisadi və siyasi müstəqilliyini birbaşa təhdid altına salır. Belə bir destruktiv mühitdə keçiriləcək seçkilər, Ermənistanı müasir dünyadan bir qədər də uzaqlaşdıran və daxili siyasi böhranı dalana dirəyən bir mərhələ olacaqdır. Müxalifətin vahid və rasional bir proqram ortaya qoya bilməməsi seçkiqabağı dövrün daha çox siyasi klanların toqquşmasına çevriləcəyini və Ermənistan cəmiyyətinin bu prosesdən daha da parçalanmış halda çıxacağını proqnozlaşdırmağa əsas verir".
Rəfiqə Namazəliyeva,
AzNews.az