İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xamenei ABŞ-ın mümkün hava zərbələri ilə bağlı xəbərdarlıqlardan sonra Tehranda yerləşən xüsusi yeraltı sığınacağa köçüb. Bu barədə New York Post qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, İranın hərbi və təhlükəsizlik qurumları ABŞ tərəfindən yaxın dövrdə hava hücumları ehtimalını yüksək qiymətləndirib. Bu risklər fonunda ali rəhbərin təhlükəsizliyinin maksimum səviyyədə təmin olunması məqsədilə onun yeraltı bunkerdə yerləşdirilməsi qərara alınıb.
Məlumata əsasən, sözügedən bunker Tehranda yerləşən, bir-biri ilə tunellər vasitəsilə əlaqələndirilmiş və yüksək səviyyədə qorunan strateji obyektlərdən biridir. Bu tip sığınacaqlar fövqəladə hallar və hərbi eskalasiya zamanı ölkə rəhbərliyinin qorunması üçün nəzərdə tutulub.
Xameneinin oğlu ön plana çıxıb
Xəbərdə diqqətçəkən məqamlardan biri də ali rəhbərin ailə üzvlərinin rolunun artması ilə bağlıdır. Bildirilir ki, Xameneinin oğullarından biri- Məsud Xamenei hazırda ali rəhbərin ofisinin gündəlik fəaliyyətinin koordinasiyasında mühüm rol oynayır. Mənbələrin iddiasına görə, dövlət qurumları ilə əlaqələrin saxlanılması və bəzi inzibati məsələlər məhz onun vasitəsilə həyata keçirilir.
Bu vəziyyət İranda ali rəhbərin səhhəti və real idarəetmə mexanizmləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Ekspertlər qeyd edirlər ki, Xameneinin uzun müddət ictimaiyyət qarşısında görünməməsi və idarəetmədə ailə üzvlərinin rolunun artması ölkə daxilində siyasi balanslara da təsir göstərə bilər.
Qeyd edək ki, ABŞ və İran arasında münasibətlər son dövrlər kəskinləşib. Vaşinqtonun regionda hərbi fəallığı və İranın cavab xarakterli bəyanatları eskalasiya riskini artırır. Rəsmi Tehran mümkün hərbi hücum halında sərt cavab veriləcəyini dəfələrlə bəyan edib.
İranın rəsmi qurumları Xameneinin yeraltı sığınacağa köçürülməsi və oğlunun idarəetmədəki rolu ilə bağlı yayılan məlumatları hələlik təsdiqləməyib. Bununla belə, ölkə daxilində təhlükəsizlik tədbirlərinin gücləndirildiyi açıq şəkildə hiss olunur.
Hazırda vəziyyət beynəlxalq media və siyasi dairələr tərəfindən diqqətlə izlənilir, ABŞ–İran xəttində gərginliyin daha da artacağı istisna edilmir.
AzNews.az