Bütün yollar Təbrizə aparır!

25 Yanvar 2026 14:34 (UTC+04:00)

Hudson İnstitunun Yaxın Şərq üzrə Sülh və Təhlükəsizlik mərkəzinin direktoru Maykl Doranın "Washington Post" qəzetində yayılmış məqaləsini böyük diqqət və məmnuniyyətlə oxudum. Məmnunluğumu artıran o oldu ki, məqalənənin hazırlanmasında baş redaktoru olduğum AzNews.az analitik-informasiya portalında yayımlanmış, İranın aqibəti ilə bağlı müəllifi olduğum təhlillərin təsirini açıq- açıq hiss etdim. Bu, normaldır. Çünki istənilən peşəkar analitik müəyyən mövzunu işləyərkən araşdırma aparır, günümüzdə Süni İntellektdən də istifadə edir. Bizim məqalələrimiz on line ortamda datalaşdığından obyektiv müəlliflər üçün fakt və düşüncə bazası rolunu oynayır.

Çox təəssüf ki, İranla bağlı məsələlərdə Azərbaycan media məkanını anti-Azərbaycan tezislərlə yükləmək istəyənlər də var. Öncə bu məsələ barədə bir neçə kəlimə.

Dostlar, ilk növbədə İsraildən "sionist" deyə bəhs edən, İran olaylarına anti-semit terminologiya ilə yanaşan istənilən şəxsə şübhə edin, mövqelərini sorğulayın. Media savadlılığı bunu tələb edir. Onlar öz yanaşmalarını ən müxtəlif vasitələrlə "dadlandıra" bilərlər, ancaq beyinlərinin ən azı bir neçə hücrəsini ciddi şəkildə zədələyiblər.

İkincisi, İranla bağlı müzakirələrdə "Azərbaycan" məfhumunu və məfkurəsini arxa plana keçirən istənilən şəxsi mütləq təftiş edin. Heç bir tezisləri elmi və məntiqi təndidə dözmür, danışdıqlarının mütləq əksəriyyəti absurddur, konyukturadır.

Məsələn, Azərbaycan dilində danışıb-yazmağı belə bacarmayan biri çıxıb deyir ki, Tehran mərkəzli Türküstan dövləti yaradacağıq. Əvvəla, millətləşmə prosesini keçmiş farsların əlindən bu dar cahanda Tehranı hansı resurslarla və hansı üsullarla alırlar? Sonrakı sual: "Tehranda quracaqları" "Türküstan"da dövlət modeli necə olacaq? Nəhayət, bu dövlətin konstitusiyası olacaqsa, onu farslara necə qəbul etdirəcəklər? 2-3 belə sadə sual qoyun, darmadağın olacaqlar. Çünki məqsədləri Tehran da deyil, Türküstan da deyil, Turan da deyil. Niyyətləri müxtəlif manipulyasiyalarla Güney Azərbaycan faktoruna ziyan verməkdir.

Məndən sizə əmanət, ABŞ-ın İrana vuracağı zərbələrin guya fəlakət yaradacağını söyləyənlərdən də ehtiyyatlı olun. İran ABŞ-ın zərbələri qarşısında uzağı bir neçə saat davam gətirə bilər. ABŞ-ın əlində olan hərbi vasitələr İranı cəmi bir neçə saat ərzində dümdüz edər, üstünə də havadan ətirli maddələr səpər ki, torpaq altındakı Xəmneyi rejiminin qoxusu ətrafa yayılmasın. Əgər ABŞ İranı vuracaqsa, bu, cəmi bir neçə saat çəkəcək. Yalnız hərbi təyinatlı obyektlər və rejim elitası hədəf alınacaq. Onların nəinki ABŞ bazalarına, İsrailə və digər NATO obyektlərinə əks zərbə endirməyə, heç ayaqqabılarının bağını bağlamağa da zamanları olmayacaq.

Deməli, Xəmneyi rejiminin tarix səhnəsindən silinməsinin köç dalğası yaratması barədə proqnozlar da özünü doğrultmayacaq. Çünki ABŞ qüvvələri sivil həyata zərər verməyəcək, üstəlik, Güney Azərbaycan hədəfli, Təbriz mərkəzli hərəkat dinc və demokratik azadlıq mübarizəsi səciyyəsi daşıyacaq. Güney Azərbaycanı boşaltmaq kimlərinsə arzusu ola bilər, ancaq niyyətləri gözlərində qalacaq.

Bəli, İranda teokratik rejimin fatihəsi verilib. Bütün daxili və xarici legitimliyini itirən, istisadi, sosial, siyasi, kulturoloji iflasa uğramış mollaların uzun müddət hakimiyyətdə qalması mümkünsüzdür. Bu, tarixi zərurətdir. Post-teokratiya dövründə indiki İranı nə gözləyir? Bu aktual sualı birbaşa cavablayan iki mühüm gəlişmə var.

Artıq dünyanın bütün beyin mərkəzləri başa düşüb ki, saxta şəcərəli Pəhləviləri İranda iqtidara gətirmək illüziyadır. İranın həm daxili, həm də xarici dəngələri mehtərdən şah düzəldilməsinə bir daha imkan verə bilməz.

Başqa bir tendensiya isə odur ki, ekspert cameəsi "İranın demokratikləşdirilməsi" planına da artıq skeptik yanaşır. "Demokratikləşmə" pərdəsi ilə fars şovinistlərinin İranda iqtidara gəlməsi yeni məşrutə və milli azadlıq dalğası yaradacaq. Bu o qədər aydın görünür ki, proseslərin etno-siyasi relslərlə irəliləməsi şübhə doğurmur.

Odur ki, İranda bütün yollar Təbrizə- ruhumuzun məbədinə aparır.

Təbrizin və cəmi Azərbaycanın "yatsaydıq, yuxumuzda da görməzdik" qəbilindən olan hədəflərə qovuşmasının yeganə düsturu isə "İran" anlayışından tam imtina edərək öz millətləşmə prosesini tamamlamaq və bütövləşməkdir.

Eşq olsun Təbrizə! Yaşasın Azərbaycan! Var olsun Bütöv Azərbaycan!

Taleh ŞAHSUVARLI