Portuqaliya milli komandasının heyətində futbol üzrə 2016-cı il Avropa çempionatının qalibi olmuş Nani Qazaxıstanın "Aktobe" klubunun heyətində çıxış edəcək.
Aznews.az xəbər verir ki, idmançı bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Mən "Aktobe"yə qoşulmaqdan çox məmnunam. Klubun və Qazaxıstanda futbolun inkişafına töhfə verməyi səbirsizliklə gözləyirəm. Klubun gələcək baxışı məni çox təsirləndirdi və həm evdə, həm də xaricdə bizi yeni zirvələrə çıxarmaq üçün səylə çalışacağam", - Nani yazıb.
Oyunçu ilə müqavilə 2026-cı ilin sonuna qədər nəzərdə tutulub. Daha əvvəl "Sports.kz" portalı xəbər verib ki, Nani Qazaxıstan çempionatı üçün rekord məbləğlə - ayda 70 min dollar maaşla "Aktobe"nin beynəlxalq təşviqi üzrə oynayan meneceri olacaq.
Naninin 39 yaşı var. O, 2024-cü ilin dekabrında Portuqaliyanın "Estrela Amadora" klubundan ayrılaraq karyerasını başa vurduğunu elan edib. Futbolçu İngiltərənin 4 qat çempionu və bu ölkənin Super Kubokunun qalibi olub, iki dəfə Liqa Kubokunu qazanıb, "Mançester Yunayted"lə birgə bir dəfə Çempionlar Liqasını və klublar arasında dünya çempionatını qazanıb. "Sportinq"in heyətində üç dəfə Portuqaliya Kubokunda və bir dəfə Liqa Kubokunda uğur qazanıb.
Nani Portuqaliya milli komandasının tərkibində 111 matçda iştirak edib. Futbolçunun hesabında 24 qol və 24 məhsuldar ötürmə var. 2016-cı ildə qələbə qazandığı Avropa çempionatında Nani turnirin bütün 7 oyununda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, onun karyerasını davam etdirəcəyi "Aktobe" Qazaxıstan çempionatının son mövsümündə beşinci yeri tutub.