Qar fırtınası ABŞ-nı iflic etdi: yüz minlərlə ev elektriksiz qaldı

26 Yanvar 2026 15:23 (UTC+04:00)

ABŞ-ni təsiri altına alan qar fırtınası və dondurucu soyuqlar səbəbindən 10 mindən çox aviareys ləğv edilib, təxminən 770 min nəfər isə elektriksiz qalıb. Ölkədə “tarixi” kimi xarakterizə edilən güclü qar yağışı və soyuq hava şəraiti hökm sürür.

Texas, Nyu-York, Nyu-Cersi və paytaxt Vaşinqton D.C. daxil olmaqla, ABŞ-ın mərkəzi və şimal-şərq ştatlarında başlayan qar fırtınası və kəskin soyuqlar gündəlik həyata mənfi təsir göstərməyə başlayıb.

Ölkədə hava hərəkətini izləyən “FlightAware” saytının məlumatına görə, bu gün ABŞ üzrə 10 mindən çox reys ləğv edilib, 8 mindən artıq reysin uçuşu isə təxirə salınıb.

Elektrik kəsintilərini onlayn izləyən “PowerOutage” saytına əsasən, sərt qış şəraitinin təsirli olduğu ştatlarda, o cümlədən Tennessi ştatında təxminən 260 min, Texasda 140 minə yaxın, Mississippidə isə 125 minə yaxın insan olmaqla, ümumilikdə təxminən 770 min nəfər işıqsız qalıb.

Paytaxt Vaşinqton D.C.-də 10 santimetr, Nyu-York və Nyu-Cersi ştatlarında isə 30 santimetrədək qar yağacağı gözlənilir. Nyu-York şəhərinin meri Zöhran Mamdani sabah şəhərdə məktəblərin bağlanacağını açıqlayıb.

Mamdani yerli mediaya verdiyi açıqlamada bildirib: “Qar yağışı şəhərimizi örtməyə başlayarkən və şərait təhlükəli hal alarkən, məktəb binalarının bağlanması Nyu-York sakinlərinin təhlükəsizliyini təmin etmək üçün zəruri addımdır.”

ABŞ Milli Hava Xidməti isə ölkə üzrə 190 milyon insanın təhlükə altında olduğunu, cənub ştatlarında güclü buzlanma, şimal-şərq ştatlarında isə qar fırtınasının müşahidə edildiyini açıqlayıb.

Mövsüm,

AzNews.az