Çin ordu generalına qarşı istintaq başladıldı

26 Yanvar 2026 15:30 (UTC+04:00)

Çin Xalq Respublikasının Sədri Si Cinpinqə yaxınlığı ilə tanınan Çin Xalq Azadlıq Ordusunun Mərkəzi Hərbi Komissiyasının (“Central Military Commission”, “CMC”) sədr müavini, ordu generalı Canq Yousya barədə ciddi ittihamlar gündəmə gəlib. ABŞ mərkəzli “Wall Street Journal” qəzetinin Çin hərbi mənbələrinə istinadən yaydığı xəbərə görə, Canq Yousyanın ölkənin nüvə sirlərini ABŞ-yə ötürərək milli təhlükəsizliyi təhlükə altına atdığı iddia olunur.

Məlumatda, həmçinin Canq Yousyanın səlahiyyət dairəsinə daxil olan vəzifə təyinatları və rütbə artımları zamanı rüşvət aldığı, nüfuzundan istifadə edərək ordu daxilində siyasi qruplaşmalar formalaşdırdığı da irəli sürülür.

RƏSMİ AÇIQLAMA: “İNTİZAM POZUNTULARI”

Çin Müdafiə Nazirliyinin yaydığı açıqlamada Canq Yousya barəsində “intizam və qayda pozuntuları” səbəbilə istintaqa başlanıldığı təsdiqlənib. Lakin ittihamların mahiyyəti və əhatə dairəsi ilə bağlı əlavə detallar açıqlanmayıb.

Eyni zamanda, Çin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Lyu Çjenlinin də oxşar ittihamlar çərçivəsində araşdırma altında olduğu bildirilib. Bəzi müxalif sosial media hesablarında isə Canq Yousya və Lyu Çjenlinin dövlət başçısı Si Cinpinqə qarşı uğursuz çevriliş cəhdində iştirak etdikləri iddia olunur. Çin rəsmiləri bu iddialarla bağlı hələlik rəsmi mövqe açıqlamayıb.

Mövsüm,

AzNews.az