İran ABŞ-a xəbərdarlıq edir: "Biz bir saniyə də boşa sərf etmirik”

26 Yanvar 2026 20:50 (UTC+04:00)

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi, ABŞ-ın bölgəyə döyüş gəmiləri göndərməsini “güc nümayişi” adlandıraraq bildirib ki, İran özünə qarşı ediləcək istənilən hücuma sərt cavab verəcək.

İsmail Bəqayi həftəlik mətbuat konfransında gündəmlə bağlı açıqlamalar verib.

Bəqayi bu açıqlamaları ilə Vaşinqtona açıq mesaj göndərib.

“İSTƏNİLƏN HÜCUMA CAVAB VERƏCƏYİK”

ABŞ-ın USS Abraham Lincoln aviadaşıyıcısını Yaxın Şərqə göndərməsinə və Körfəz ölkələri ilə birgə hərbi təlimlər keçirməsinə toxunan Bəqayi bildirib ki, İran uzun müddətdir hibrid müharibə ilə üz-üzədir.

Onun sözlərinə görə, 12 günlük müharibədən sonra hər gün yeni iddialar və təhdidlər ortaya atılır. Bəqayi qeyd edib ki, bölgə ölkələri istənilən sabitsizliyin yoluxucu xarakter daşıdığını və konkret hədəflərinin olduğunu çox yaxşı anlayır.

“Beynəlxalq hüquqa inanan hər bir ölkə ABŞ-ın təhriflərinə qarşı açıq mövqe ortaya qoymalıdır. İran öz imkanlarına güvənir və iyun ayında yaşananları yaddaşında saxlayır. İran bu gün əvvəlkindən daha güclüdür və istənilən hücuma cavab verəcək”, – deyə o vurğulayıb.

“BİR SANİYƏNİ BELƏ BOŞA HARCAMIRIQ”

ABŞ-ın bölgəyə döyüş gəmiləri göndərməsini “güc nümayişi” kimi dəyərləndirən Bəqayi bildirib:

“Bir və ya bir neçə döyüş gəmisinin bölgəyə gəlməsi İranın müdafiə iradəsinə təsir göstərməz. Silahlı qüvvələrimiz bütün prosesləri anbaan izləyir və imkanlarını artırmaq üçün bir saniyəni belə boşa vermir. Güc nümayişi və təhdidlər beynəlxalq hüquqa ziddir və bu prinsiplərin pozulması hamıya təsir edir. Məhz buna görə bölgə ölkələri yanlış hesablamaların qarşısını almağa çalışır.”

“HƏM ÇİN, HƏM DƏ RUSİYA İLƏ MÜDAFİƏ SAZİŞLƏRİMİZ VAR”

İran Prezidenti Məsud Pezeşkianın ABŞ-a hücumu təxirə salmaqla bağlı mesaj göndərdiyi iddialarını təkzib edən Bəqayi deyib:

“ABŞ-ın özü belə İsrail mənbəli məlumatlara şübhə ilə yanaşılmalı olduğunu qəbul etdiyi halda, bizim medianın bu iddiaları yayması nə dərəcədə doğrudur? Bu iddiaların heç bir əsası yoxdur. Bu, İsrail rejiminin yalanlar zəncirinin davamıdır. Həmin rejim diplomatiyanın bütün formalarına düşməndir və saxta məlumatların əsas istehsalçısıdır.”

Bəqayi həmçinin bildirib ki, İranın Çin və Rusiya ilə müdafiə sahəsində əməkdaşlığı davam edir:

“Çinlə də, Rusiya ilə də müdafiə sazişlərimiz var və bu əməkdaşlıqlar güclü şəkildə davam edəcək. Rusiya və Çin BMT-nin iki mühüm üzvüdür və məsuliyyətlərinin fərqindədir. Son hadisələrlə bağlı da hər iki ölkə ilə əlaqə saxlayırıq”.

Mövsüm,

AzNews.az