Səhiyyə Nazirliyinin İctimai Sağlamlıq və İslahatlar Mərkəzi (İSİM) tərəfindən bu məqsədlə mobil tətbiqlər yaradılıb. 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında həmin mobil tətbiqlərə əlçatanlığın artırılması bir sıra qurumlar tərəfindən qarşıya qoyulan əsas məqsədlərdən biridir.
Bunu Trend-ə müsahibəsində TƏBİB-in Doğuşayardım Komissiyasının sədri Təranə Rəcəbli bildirib.
Onun sözlərinə görə, hamilələr və ana olmağa hazırlaşan qadınlar öz sağlamlıqlarına ciddi yanaşmalıdırlar:
“Bu tətbiqlərə nümunə olaraq “Burla Xatun” mobil applikasiyasını qeyd etmək olar. Biz ilkin səhiyyə xidmətinin hesabatlarında bu applikasiyaların təbliği ilə bağlı məlumatların təqdim olunmasını tələb edirik. Hər bir hamilə qadın bu tətbiqlər vasitəsilə hamiləlik dövründə və hamiləlikdən sonrakı mərhələdə həm özünə, həm də körpəsinə qulluqla bağlı mühüm məlumatlar əldə edə bilər.
TƏBİB hər altı aydan bir doğuşayardım müəssisələrindən hesabat alarkən mobil applikasiyalardan istifadə göstəricilərinə də xüsusi diqqət yetirir. Hazırda doğuş, doğuşayardım, körpələrə qulluq və müxtəlif xəstəliklərlə bağlı ümumilikdə 13 mobil applikasiya istifadəyə verilib. Bu tətbiqlər vasitəsilə qadınlar zəruri və etibarlı məlumatlarla təmin oluna bilərlər. Təəssüf ki, bəzi hallarda qadınlar bu cür maarifləndirici tətbiqlərdən və məlumatlardan istifadə etməkdənsə, doğuşdan sonrakı mərasimlərə və “parti”lərə daha çox maraq göstərirlər”, həkim qeyd edib.
Aznews.az