“Kremlin ritorikası Qərb daxilində parçalanmanı dərinləşdirməyə hesablanıb” – Aytən Qurbanova

27 Yanvar 2026 12:37 (UTC+04:00)

"İlk növbədə onu qeyd etmək lazımdır ki, Avropa–Rusiya münasibətləri kifayət qədər gərgin bir mərhələdədir. Belə bir məqamda rəsmi Kremlin Qərb siyasi elitasına yönələn ritorikası məqsədyönlü geosiyasi strategiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Belə ki, Peskov tərəfindən məqsədli şəkildə səsləndirilən fikirlərdə Avropa müstəqil qərarverən aktor olmaqdan daha çox ABŞ-nin siyasi xəttini izləyən tərəf kimi təqdim olunur. Bu yanaşma isə öz növbəsində Rusiyanın Qərb ölkələri arasında mövcud fikir ayrılıqlarını dərinləşdirmək niyyətini aydın şəkildə ifadə edir. Təbii ki, bu məsələdə Rusiyanın əsas arqumenti Ukrayna müharibəsi fonunda Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardır".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.

Xatırladaq ki, Avropa–Rusiya münasibətlərində gərginliyin artdığı bir dövrdə Kreml Qərb siyasi elitasını yenidən hədəfə alıb. Dmitri Peskovun sözlərinə görə, Avropada hakim olan mövcud siyasi nəsil ABŞ Prezidenti Donald Trampın təzyiq siyasəti qarşısında zəif mövqe nümayiş etdirir. Kreml Avropanı müstəqil geosiyasi aktor deyil, Vaşinqtonun siyasi xəttini izləyən tərəf kimi qiymətləndirir. Moskvanın sərt ritorikası Avropanın Ukrayna müharibəsi fonunda Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla əlaqələndirilir. Rusiya hesab edir ki, mövcud gərginliyin əsas səbəbi Avropanın ABŞ-dən asılı geosiyasi siyasət yürütməsidir. ABŞ prezidentinin Qrenlandiya məsələsi ilə bağlı Avropa liderlərini tənqid etməsi də bu yanaşmanı daha da gücləndirir.

Siyasi şərhçi qeyd edib ki, rəsmi Kremlin iddialarına görə, Rusiyaya qarşı qəbul edilən bütün strateji qərarlar məhz Vaşinqtonda verilir.

"Avropa–ABŞ münasibətlərindəki asılılıq müəyyən istiqamətlərdə, xüsusilə də təhlükəsizlik məsələlərində müşahidə edilsə də, Avropanı birmənalı şəkildə ABŞ-dən asılı və iradəsiz aktor kimi təqdim etmək beynəlxalq reallığı tam olaraq əks etdirmir. Avropa İttifaqı daxilində müxtəlif milli maraqların mövcudluğu və ABŞ-yə münasibətdə vahid mövqeyin olmaması Avropanın müəyyən strateji manevr imkanlarını qoruduğunu göstərən mühüm məqamdır. Eləcə də NATO çərçivəsində formalaşmış təhlükəsizlik modeli Avropanın müstəqil hərəkət imkanlarını kifayət qədər məhdudlaşdırır. Nəticə etibarilə, ənənəvi tərəfdaşların qarşı-qarşıya olduğu bir mərhələdə ABŞ–Avropa münasibətlərində kəskin dəyişikliklər müşahidə edilir və bu dəyişikliklərin qırılma nöqtəsi, yoxsa maraqların yenidən formalaşması dövrü olduğunu əminliklə ifadə etmək doğru olmaz".

Rəfiqə Namazəliyeva,

AzNews.az