ABŞ-ın Paris İqlim Anlaşmasından rəsmi çıxış prosesi birillik gözləmə müddətinin başa çatması ilə tamamlanıb. Stockholm Ətraf Mühit İnstitutunun baş elmi əməkdaşı Richard J. T. Klein bildirib ki, bu addım iqlim böhranı ilə mübarizədə mühüm və güclü bir blokun itirilməsi deməkdir.
Trampın Paris Anlaşmasından çıxma qərarı rəsmən qüvvəyə mindi
ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik müddətinə başladığı 20 yanvar 2025-ci ildə ölkəsini Paris İqlim Anlaşmasından çıxardığını elan etmişdi. Bir həftə sonra Birləşmiş Millətlər Təşkilatı (BMT) bu qərarın 27 yanvar 2025-ci ildə BMT-nin Baş katibi Antonio Quterreşə rəsmi məktubla bildirildiyini açıqlamışdı.
BMT-yə bildirişdən sonra anlaşmadan çıxışın qüvvəyə minməsi üçün tələb olunan 1 illik müddət başa çatıb və ABŞ 27 yanvar 2026-cı il tarixindən etibarən Paris İqlim Anlaşmasından rəsmi olaraq çıxmış sayılır.
Bu qərarın mümkün nəticələri ilə bağlı Anadolu Agentliyinin (AA) suallarını cavablandıran Richard J. T. Klein Paris Anlaşmasını qlobal iqlim hədəflərinə çatmaq üçün vacib mexanizm kimi qiymətləndirib.
Klein bildirib ki, ABŞ son bir ildə nümayiş etdirdiyi mövqeyini bundan sonra da davam etdirəcək:
“Praktik olaraq ABŞ-ın Paris Anlaşmasından rəsmən çıxması, prosesin ötən il necə gedirdisə elə də davam edəcəyi anlamına gəlir. Məsələn, ABŞ Belem şəhərində keçirilən danışıqlarda iştirak etmədi, Bonn İqlim Zirvəsində isə son dərəcə passiv mövqe sərgilədi. İndi isə bu vəziyyət rəsmiləşdirilir.”
Klein qeyd edib ki, birillik gözləmə müddətində ABŞ kağız üzərində müəyyən öhdəliklər daşısa da, Paris Anlaşması çərçivəsində bu öhdəliklərin yerinə yetirilməməsinə görə ciddi sanksiyalar mövcud deyil.
Onun sözlərinə görə, Paris Anlaşmasına tərəf olmayan ABŞ administrasiyasının artıq iqlimlə bağlı hesabat və fəaliyyət planlarını təqdim etmək kimi bir məcburiyyəti də qalmayacaq.
Klein həmçinin Trampın bir addım da irəli gedərək ABŞ-ı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasından (UNFCCC) çıxarması halında geri dönüş prosesinin daha da çətinləşəcəyinə diqqət çəkib:
“Əgər Trump UNFCCC-dən çıxmağa nail olarsa, növbəti administrasiya Paris Anlaşmasına birbaşa qayıda bilməyəcək. Bunun üçün əvvəlcə UNFCCC-yə yenidən üzv olmaq lazım gələcək ki, bu da Senatın qərarını tələb edir.”
Trampın ilk prezidentlik dövründə UNFCCC-dən çıxma məsələsinin gündəmdə olmadığını xatırladan Klein əlavə edib:
“UNFCCC-yə üzvlük eyni zamanda təşkilatın fəaliyyət xərclərinə maliyyə töhfəsi verməyi də nəzərdə tutur. ABŞ dünyanın ən böyük iqtisadiyyatlarından biri kimi Almaniyanın Bonn şəhərində yerləşən UNFCCC Katibliyinin əsas maliyyə dəstəkçilərindən idi. İndi Katiblik bu maliyyə boşluğunu necə dolduracağını düşünmək məcburiyyətində qalacaq”.
Mövsüm,
AzNews.az