"Vəziyyət həqiqətən də gərgindir. Artıq İran son mərhələyə gəlib çıxıb və bu vəziyyətdən dəyişmədən çıxış yolu qalmayıb. İranın bu vaxta qədər — 1979-cu il İslam İnqilabından sonra söykəndiyi status-kvo ləğv edilməlidir. Əgər İran bundan sonra da bütöv bir dövlət kimi qalmaq niyyətindədirsə, dünyanın çağırışlarına səs verməli və ciddi dəyişikliklərə getməlidir. Bu dəyişikliklərin birincisi İranın dünyəvi dövlətə çevrilməsidir. İkincisi, ölkə əhalisinin az qala, bəzən isə faktiki olaraq yarısını təşkil edən türklərin ana dili dövlət dili elan edilməlidir. Üçüncüsü isə fars molla rejimi, yəni klerikal idarəetmə dövlət işlərinə müdaxilədən tam kənarlaşdırılmalıdır".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Xatırladaq ki, beynəlxalq siyasi gündəmdə ABŞ-nin İrana mümkün hərbi zərbə endirəcəyi ilə bağlı müzakirələr daha da intensivləşib. Regionda artan gərginlik, qarşılıqlı sərt bəyanatlar, hərbi hazırlıqlar və diplomatik kanallarda müşahidə olunan durğunluq bu ehtimallara olan inamı gücləndirir.
Siyasi şərhçi qeyd edib ki, bütün səlahiyyətlər xalqın seçdiyi prezident Məsud Pezeşkiana ötürülməlidir.
"Paralel olaraq ABŞ başda olmaqla Qərb ölkələri ilə danışıqlar masasına oturulmalıdır. Əks təqdirdə, İranın bu formada davam etməsi mümkünsüz görünür. Xüsusilə ötən ilin dekabr ayının sonlarından başlayaraq yanvarın ortalarına qədər davam edən və minlərlə insanın həlak olması ilə nəticələnən kütləvi etirazlar da unudulmamalıdır. Bu hadisələr bir daha göstərdi ki, ölkəni idarə edən molla rejimi faktiki olaraq həm insanlığa, həm də öz vətəndaşlarına düşmən mövqedə dayanıb. Belə bir şəraitdə onların dövləti idarə etməyə davam etməsi real görünmür. Artıq İran vətəndaşları bu rejimə əsla güvənmir və onun qalmasında maraqlı deyil. Bu səbəbdən, müvəqqəti də olsa, keçid mərhələsi üçün bütün səlahiyyətlər xalqın seçdiyi prezidentə ötürülməli və ölkə dərhal danışıqlar prosesinə qoşulmalıdır. Əks halda, hadisələrin gedişi daha təhlükəli mərhələyə keçə bilər. ABŞ artıq hərbi arsenalını İranın yaxınlığında cəmləşdirib və istənilən anda hərbi qərar verilə bilər. Bu halda İranda ən yüksək strateji hədəflərin rahat şəkildə vurulması mümkündür. İranın özünü müdafiə imkanlarının isə məhdud olduğu ötən ilin yayında İsrailin həyata keçirdiyi 12 günlük hücumlar zamanı açıq şəkildə göründü. Həmin dövrdə yüksək rütbəli generallar, rəhbər şəxslər və alimlər hədəf alındı. Son nöqtəni isə ABŞ qoydu — strateji nüvə obyektləri, hətta yerin dərinliklərində yerləşən infrastrukturlar belə vuruldu. Bununla da İrana açıq mesaj verildi: proses bu şəkildə davam edərsə, nəticələr daha ağır ola bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az