"Belə ki, qlobal miqyasda yaşanan qarşıdurmalara baxdıqda aydın olur ki, məqsəd artıq yalnız dövlətlərin öz regionlarında güc və təsir əldə etməsi ilə məhdudlaşmır. Böyük dövlətlər artıq qlobal nizamda mövqelərini möhkəmləndirmək və təsir imkanlarını genişləndirmək uğrunda mübarizə aparırlar. Bu proses isə ikinci və üçüncü dərəcəli dövlətlərin müstəqillik uğrunda mübarizəsini daha da qızışdırır. Çünki ikinci və üçüncü dərəcəli dövlətlər anlayırlar ki, birinci dünya dövlətləri, yəni qlobal güc mərkəzləri, onları öz təsir dairələrinə salmaq, müstəqil xarici siyasət yürütmələrinə mane olmaq və asılı vəziyyətə salmaq istəyirlər. Buna görə də bütün dövlətlər qlobal nüfuzlarını və təsirlərini artırmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Məsələn, Azərbaycan prizmasından baxdıqda görürük ki, ölkə öz geosiyasi mövqeyi, enerji resursları və tranzit imkanları hesabına dünya siyasətində mövqeyini qəbul etdirməyi bacarıb. Ermənistan isə bu üstünlüklərə malik deyil. Ölkə nə təbii sərvətlər baxımından zəngindir, nə də coğrafi mövqeyi əvəzolunmazdır. Ermənistan olmasa belə, tranzit əlaqələri müəyyən qədər uzadılmaqla Gürcüstan və ya çətin də olsa İran üzərindən təmin edilə bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, Ermənistan bu il oktyabrın 18–30-da keçiriləcək BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci (COP17) sammitinə hazırlaşır. Rəsmi İrəvan Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazır olduğunu açıqlayıb. Bu barədə ölkənin ətraf mühit naziri Ambarsum Matevosyan məlumat verib. Onun sözlərinə görə, COP17 sammiti ilə bağlı bildirişlər artıq 196 üzv ölkəyə çatdırılıb və yaxın günlərdə rəsmi dəvətlər göndəriləcək. Ermənistanın COP17 üçün bütün ölkələri dəvət etməsi və iqlim diplomatiyasında fəallaşması ölkənin beynəlxalq imicinə müsbət təsir göstərir.
Siyasi şərhçi qeyd edib ki, bu səbəbdən Ermənistan anlayır ki, yeni dünya düzənində mövqeyini qorumaq üçün fərqli siyasi “libas” və yeni əhəmiyyət qazanmalıdır.
"Məqsəd dövlət olaraq müstəqil xarici siyasət imkanlarını qorumaqdır. COP17 də rəsmi İrəvan tərəfindən bu baxımdan mühüm platforma kimi qiymətləndirilir. Çünki beynəlxalq səviyyəli istənilən tədbir dövlətlərin dünya ictimaiyyətində tanınmasına, nüfuz qazanmasına və qəbul edilməsinə ciddi töhfə verir. Xüsusilə BMT kimi əsas beynəlxalq təşkilatın nəzdində keçirilən COP tipli tədbirlər ev sahibi ölkəyə öz mədəniyyətini, siyasi mövqeyini və müxtəlifliyini beynəlxalq auditoriyaya təqdim etmək imkanı yaradır. Bu kontekstdə Ermənistan da belə bir platformadan istifadə etməyə çalışır. Məqsəd dünya siyasətində mövcud imkanları çərçivəsində yer almaq və gələcək geosiyasi qarşıdurmalarda poliqona çevrilməkdən yox, tərəfdaş kimi qəbul olunan ölkələr sırasında olmaqdır. COP17 bu məqsədə nail olmaq üçün mümkün vasitələrdən biri kimi qiymətləndirilir və Ermənistan tərəfi bu imkandan maksimum faydalanmağa çalışacaq. Bunun nə dərəcədə uğurlu olacağını isə ölkənin təşkilatçılıq qabiliyyəti və dünya dövlətlərinin Ermənistana marağı göstərəcək. Qeyd etmək lazımdır ki, Ermənistan təbii sərvətlər baxımından zəif, əhalisi az və iqtisadi-tranzit baxımından birinci dərəcəli olmasa da, xaricdə onu təmsil edən güclü lobbi mərkəzlərinə malikdir. Bu günə qədər Ermənistan dövlətçiliyinin mövcudluğunda həmin lobbi fəaliyyətinin mühüm rolu olub. COP17 ərəfəsində də bu lobbilərin aktiv fəaliyyət göstərməsi gözlənilir. Lobbi fəaliyyəti ilə COP17-un birləşməsi Ermənistan üçün əlavə siyasi nəfəs rolunu oynaya bilər. Paşinyan iqtidarı növbəti seçkilərdə mövqeyini qoruyub saxlaya bilsə, Qərb, Rusiya və İranla əlaqələrini balanslaşdırmaq siyasətini davam etdirəcək. COP17 bu məqsədlər üçün əlavə platforma rolunu oynaya bilər. Beləliklə, müxtəlif siyasi baxışlara və maraqlara malik dövlətlərin müəyyən müddət ərzində Ermənistanda bir araya gəlməsi ölkənin beynəlxalq çəkisini artırmaq baxımından rəsmi İrəvan üçün əhəmiyyətli olacaq".
Rəfiqə Namazəliyeva,
AzNews.az