"Paşinyanın bu bəyanatda sülhlə bağlı mövqeyi müsbətdir. Ermənistanın sülhə yönəlməsi və sülhə köklənməsinin özü regional təhlükəsizlik üçün müsbət hal hesab olunur. Bu həm Ermənistan, həm də Azərbaycan üçün önəmlidir, çünki müharibə riskinin azalması və sülhün formalaşması prosesə pozitiv təsir göstərir. Hazırda müzakirələr artıq müharibədən yox, konkret sülh razılaşmalarından və onların şərtlərindən gedir ki, bu da Azərbaycan üçün də faydalıdır. Eyni zamanda Paşinyanın orduyla bağlı bəyanatları diqqət çəkir. O, Ermənistan ordusunun inkişaf etdiriləcəyini və müdafiə qabiliyyətinin təmin olunmasının vacibliyini vurğulayıb".
Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.
Xatırladaq ki, Ermənistan-Azərbaycan münasibətlərində sülh mərhələsinin başa çatdığına dair rəsmi İrəvandan açıqlamalar səslənir. Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin yaradılmasının 34-cü ildönümü münasibətilə yayılan təbrik mesajında bildirib ki, hazırkı mərhələdə sülh ən etibarlı təhlükəsizlik təminatıdır. Onun sözlərinə görə, Ermənistan müharibəyə hazırlaşmır və regionda yeni qarşıdurma gözlənilmir. Eyni zamanda Paşinyan ordunun dövlətin əsas institutlarından biri olaraq inkişafının davam etdiriləcəyini vurğulayıb. O, diplomatik mexanizmlərin kifayət etmədiyi hallarda ölkənin müdafiə qabiliyyətinin təmin edilməsinin vacibliyini xüsusi qeyd edib. Baş nazir bildirib ki, güclü müdafiə potensialına malik olmayan dövlətlər potensial təhlükələr qarşısında daha həssas mövqedə qalırlar.
Siyasi şərhçi bildirib ki, bu bəyanatın orduyla bağlı hissəsi əsasən daxili auditoriyaya yönəlib və Ermənistan cəmiyyətini sakitləşdirmək, həmçinin ordunun mövcudluğunu nümayiş etdirmək məqsədi daşıyır.
"2020 və 2023-cü illərdəki münaqişələr ordunun real gücünü ortaya qoyduğundan, bu bəyanat daha çox simvolik və siyasi xarakterlidir. Ümumilikdə, Paşinyanın sülh tərəfini vurğulaması önəmlidir və müsbət qiymətləndirilməlidir. Bu bəyanat həm də Ermənistanın müharibə istəmədiyini göstərir və regionda stabillik perspektivlərinə işarə edir. Eyni zamanda, burada beynəlxalq və yerli ictimaiyyətə mesajlar verilir, xüsusilə sülhün qorunması, gələcək regional əməkdaşlıq və Azərbaycanla münasibətlərin inkişafı ilə bağlı. Bu səbəbdən, hazırkı mərhələdə Paşinyanın bəyanatı müsbət dəyərləndirilə bilər və region üçün konstruktiv bir siqnal hesab olunur".
Rəfiqə Namazəliyeva,
AzNews.az