"Ümumiyyətlə, bu məsələ demoqrafik inkişaf, insan sağlamlığı və onun sosial-psixoloji tərəfləri baxımından olduqca əhəmiyyətli mövzudur. Sosial şəbəkələrin zərərləri artıq bir sıra ölkələrdə açıq şəkildə müşahidə olunur. Həmin dövlətlər bu sahədə yaranan problemləri aradan qaldırmaq, cəmiyyət daxilində baş verən sosial sarsıntıların qarşısını almaq üçün ciddi şəkildə çalışırlar. Qeyd etmək lazımdır ki, sosial şəbəkələrdən asılılıq Qərb cəmiyyətlərində uzun illərdir yeniyetmə və gənclərin psixoloji əhval-ruhiyyəsində dərin mənfi izlər buraxmışdır. Bu gün biz də açıq şəkildə görürük ki, informasiya, texnoloji və elektron asılılıq yeniyetmə və gəncləri əhatə edib. Artıq nə məktəb, nə ailə, nə universitetlər, nə də digər sosial institutlar bu prosesin qarşısını almaqda ciddi çətinliklərlə üzləşirlər. Məlumdur ki, xüsusilə ABŞ-da elektron asılılığın azaldılması məqsədilə çoxsaylı proqramlar həyata keçirilib. Bu proqramlar çərçivəsində gənclərin sosial şəbəkələrdən uzaqlaşdırılması üçün müxtəlif metodlardan istifadə olunub: testlər tətbiq edilib, onların diqqəti başqa proqramlara yönləndirilib, rəsm çəkmə, yaradıcılıq məşğələləri və alternativ fəaliyyət formaları təklif edilib. Lakin bütün bu layihə və proqramlara baxmayaraq, asılılığın miqyasını, dinamikasını və statistik göstəricilərini azaltmaq mümkün olmayıb".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.
Qeyd edək ki, ABŞ-da bu həftə “Instagram”, “TikTok” və “YouTube” sosial media platformaları uşaqlarda qəsdən asılılıq yaratmaq və psixoloji zərər vurmaq ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq. “KGM” baş hərfləri ilə tanınan 19 yaşlı gənc erkən yaşlarda sosial mediadan istifadənin onun depressiyasını dərinləşdirdiyini və intihara meylinin formalaşmasına səbəb olduğunu iddia edir. Bu proses fonunda Avropa ölkələrində də sosial şəbəkələrlə bağlı daha sərt yanaşmalar tətbiq olunur. Belə ki, Fransa parlamenti 15 yaşdan aşağı şəxslərin sosial mediadan istifadəsini məhdudlaşdıran qanun layihəsini qəbul edib. Avstriyada isə 14 yaşdan kiçik uşaqların sosial media platformalarında hesab açmasının qadağan edilməsi nəzərdə tutulur.
Sosioloq bildirib ki, nəticədə bu proses zamanla daha təhlükəli mərhələyə keçərək yeni nəsildə potensial imkanların itirilməsi ilə xarakterizə olunan ciddi bir tendensiyanın formalaşmasına yol açıb.
"Bu gün adıçəkilən ölkələrdə müşahidə edilən proseslər artıq açıq bir xəbərdarlıq siqnalıdır. Hesab edirəm ki, cəmiyyətimizdə də xüsusilə depressiya nəticəsində baş verən intihar halları və intihara cəhdlərin statistikasında müəyyən artım müşahidə olunur. Bu artıma təsir edən əsas amillərdən biri məhz yeniyetmələrin, xüsusilə də yeniyetməlik yaş dövründə sosial şəbəkələrdən asılılıq problemidir. Bu asılılıq yeniyetmələri elə bir vəziyyətə gətirib çıxarır ki, onlar sosiallaşma prosesini artıq real cəmiyyət daxilində deyil, məhz bu asılılıq mühitində keçirməyə başlayırlar. Nəticədə vulgar sosiallaşma, özünə qapanma, eqoizm, nihilizm, valideyn ünsiyyətinə qarşı etiraz, sosial münasibətlərə qarşı aqressiv davranış modelləri formalaşır. Bu davranış modelləri indiyədək mövcud olan dəyərləri nəinki təkrarlamır, əksinə onlara qarşı çıxan yeni bir sosial psixologiyanın yaranmasına səbəb olur. Elektron asılılıq insanın, xüsusilə yeniyetmənin daşıya biləcəyi milli, mənəvi və sosial dəyərlərin, eyni zamanda onda formalaşmalı olan potensial imkanların üzə çıxmasına mane olur. Elmi araşdırmalar da göstərir ki, yeniyetmələrdə və gənclərdə yaradıcılıq potensialı əsasən 10–17 yaş aralığında formalaşır. Bu yaş dövrü insanın gələcək intellektual imkanlarının, yaradıcı bacarıqlarının və sosial mövqeyinin müəyyənləşdiyi həlledici mərhələdir. Məhz bu mərhələdə elektron asılılıq həmin potensialın itirilməsinə gətirib çıxarır. Bu səbəbdən bu gün bir çox xarici ölkələrdə maraqlı bir tendensiya müşahidə olunur: həmin cəmiyyətlər insan kapitalı çatışmazlığı səbəbindən digər ölkələrdən təhsil almağa gələn gənclərə xüsusi maraq göstərirlər. Çünki bu ölkələrin öz daxilində texnoloji asılılıq nəticəsində depressiv vəziyyətdə olan, yaradıcılıq imkanlarını itirmiş gənclərin və yeniyetmələrin sayı sürətlə artmışdır. Nəticədə potensial yaradıcı gənclik ehtiyatları ciddi şəkildə tükənmişdir. Bu prosesin ölkəmizdə də son illər başlayaraq genişlənməkdə olduğunu nəzərə alsaq, yeniyetmə və gənclərin sosial şəbəkə asılılığından qorunması son dərəcə vacib məsələdir. Bu baxımdan konkret olaraq müasir texnoloji imkanlara malik mobil telefonların uşaqlara verilməsi və istifadəsi istər ev şəraitində, istərsə də məktəblərdə ciddi şəkildə məhdudlaşdırılmalı, müəyyən yaş həddinədək isə qadağan olunmalıdır. Əgər valideyn dünyaya sağlam düşüncəli, yaradıcılıq potensialını itirməyən, depressiyaya qapanmayan övlad gətirmək istəyirsə, onun informasiya və elektron asılılığını mütləq şəkildə azaltmaq üçün sistemli addımlar atmalıdır. Hesab edirəm ki, ölkəmizdə bu istiqamətdə geniş ictimai diskussiyalara ciddi ehtiyac var. Media qurumları, elm və təhsil strukturları arasında qarşılıqlı əməkdaşlıq formatında müzakirələr aparılmalıdır. Bu mövzuların ictimaiyyətə düzgün şəkildə çatdırılması və cəmiyyətin maarifləndirilməsi olduqca mühüm əhəmiyyət daşıyır. Vətənpərvər, ailə dəyərlərinə hörmət edən, milli və mənəvi kimliyinə bağlı gənclərin formalaşdırılması üçün yeniyetmələrin elektron asılılıqdan xilas edilməsi strateji zərurətdir. Bu məsələ yalnız sosial problem deyil, eyni zamanda cəmiyyət üçün ciddi xəbərdarlıq siqnalıdır. Bu səbəbdən problemin hüquqi tənzimləmə mexanizmləri hazırlanmalı, Milli Məclis səviyyəsində müzakirə edilərək qanunvericilik bazası formalaşdırılmalı və tətbiq mexanizmləri qüvvəyə minməlidir. Valideynlər, təhsil sistemi və media qurumları açıq və davamlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməli, gəncləri bu təhlükəli tendensiyadan qorumaq üçün birgə mübarizə aparmalıdırlar. Xüsusilə süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə, elektron asılılıq nəticəsində insan potensialını itirmiş cəmiyyətlərin gələcəkdə daha ağır sosial və psixoloji problemlərlə üzləşəcəyi qaçılmazdır. Məhz buna görə də bu məsələ sadəcə fərdi problem deyil, milli təhlükəsizlik və uzunmüddətli inkişaf baxımından strateji əhəmiyyət daşıyan bir mövzu kimi qiymətləndirilməlidir".
Rəfiqə Namazəliyeva,
AzNews.az