ABŞ prezidenti Həsən Ruhani ilə görüşəcək

16 Sentyabr 2013 12:06 (UTC+04:00)
ABŞ prezidenti iranlı həmkarı ilə məktublaşdığını açıqladı


ABŞ prezidenti Barak Obama xalqa müraciətində İran prezidenti Həsən Ruhani ilə məktublaşdığını açıqlayıb.

Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, Barak Obama müzakirələrin məğzini açıqlamayıb.

ABŞ prezidenti Vaşinqtonla Tehran arasında 11 ildir ki, davam edən və İrana qarşı sərt sanksiyalara səbəb olan nüvə proqramı ilə bağlı bir anlaşma əldə ediləcəyinə ümidini də ifadə edib: "İranın nüvə məsələsi bizim üçün Suriyadakı kimyəvi silah məsələsindən daha böyük məsələdir. İranlılar ilə müzakirə hər zaman çətindir. Amma mən ümidimi itirmirəm".

ABŞ mətbuatı isə bu çıxışdan sonra gələn həftə Nyu-Yorkda keçiriləcək BMT toplantısında Barak Obama ilə Həsən Ruhaninin görüşünün keçiriləcəyi, 36 ildən sonra Vaşinqtonla Tehran arasında birbaşa təmasın başlayacağı barədə xəbərlər yayıb.

Qeyd edək ki, keçən həftə İran xarici işlər naziri Məhəmməd Cavid Zarif "Twitter" səhifəsində yəhudilərin Roş Haşana bayramını təbrik edib. O, İranın yəhudilərin soyqırımını inkar etmədiyini, inkar edən şəxsin, yəni sabiq prezident Mahmud Əhmədinejadın isə artıq vəzifədən getdiyini bildirib.

AzNews.az